Accessibility links

Prezident Obama Amerikanın səsinə müsahibə verib


Prezident Obama Amerikanın səsinə müsahibə verib
Prezident Obama Amerikanın səsinə müsahibə verib

Prezident Obama: 2009-cu ildə mən 30 min əlavə əsgər göndəriləcəyini elan etdim. Bizim konkret məqsədimiz var idi. Biz ölkədə tədricən nəzarəti daha çox ələ almağa başlayan Talibanı zəiflətmək və bu vaxt ərzində öz ölkələrinin təhlükəsizliyini təmin etməyə qadir olan Əfqanıstan təhlükəsizlik qüvvələrinə təlim vermək üçün istifadə etmək istəyirdik. Bu vaxt ərzində biz çox böyük nailiyyətlər əldə etdik. Əlavə 100 min əfqan əsgərinə təlim verdik, Qəndəhar və Helmənd vilayətlərini Talibanın əlindən təmizlədik və beləliklə də sakinlər özlərini daha təhlükəsiz hiss etməyə başladı.

ABŞ prezidenti Barak Obama deyib ki, Amerika əsgərlərinin Əfqanıstandan çıxarılması Birləşmiş Ştatların Əfqanıstanı atıb getməsi demək deyil. Amerikanın səsinə müsahibədə cənab Obama deyib ki, gələn 14 ay ərzində 33 min nəfərdən ibarət əsgəri qüvvə ölkədən çıxarılsa da, ABŞ-ın hərbi kontingenti ölkədə qalmaqda davam edəcək. O bildirib ki, ABŞ silahlı qüvvələrinin sayının azalması o deməkdir ki, əfqanlar ölkənin təhlükəsizliyinə görə daha çox məsuliyyət daşıyacaqlar.

ABŞ prezidenti Barak Obama ilə müsahibəni Amerikanın səsinin əməkdaşı Andre de Neşnera keçirib.

Andre de Neşnera: Siz ABŞ əsgərlərinin Əfqanıstandan çıxarılmasını elan etdiniz. Əfqan xalqı bunu necə qarşılamalıdır?

ABŞ prezidenti Barak Obama: Bu, bir il yarım bundan əvvəl əsgərlərin sayının artırılmasının müvəffəqiyyətli olduğuna və eyni zamanda bizim keçid məsələsinə ciddi yanaşdığımıza işarə edir. 2009-cu ildə mən 30 min əlavə əsgər göndəriləcəyini elan etdim. Bizim konkret məqsədimiz var idi. Biz ölkədə tədricən nəzarəti daha çox ələ almağa başlayan Talibanı zəiflətmək və bu vaxt ərzində öz ölkələrinin təhlükəsizliyini təmin etməyə qadir olan Əfqanıstan təhlükəsizlik qüvvələrinə təlim vermək üçün istifadə etmək istəyirdik. Bu vaxt ərzində biz çox böyük nailiyyətlər əldə etdik. Əlavə 100 min əfqan əsgərinə təlim verdik, Qəndəhar və Helmənd vilayətlərini Talibanın əlindən təmizlədik və beləliklə də sakinlər özlərini daha təhlükəsiz hiss etməyə başladı. İndi isə biz ilin sonunadək 10 min, gələn il yayda isə daha 23 min əsgəri ölkədən çıxararaq, əsgərlərin sayını artırılmamışdan əvvəlki səviyyəyə çatdırırıq. Bundan sonra isə əfqan qüvvələri işi özləri görə bilənə qədər keçidi davam etdirərəcyik və məqsəd 2014-cü ilə qədər bu keçidi bitirməkdən ibarətdir. 2014-cü ildən sonra biz əfqan xalqı və Əfqanıstan hökuməti ilə güclü münasibətlərə malik olmalıyıq, bizim eyni şəkildə orada hərbi mövcudluğumuz olmayacaq, lakin biz əfqanlarla üzərində işlədiyimiz iqtisadi və inkişaf proqramlarına ümid bəsləyirik.

SUAL: Bu, NATO müttəfiqlərinə hansı şəkildə təsir göstərəcək? Məsələn, NATO müttəfiqlərinin özlərinin ölkədən çıxmağa tələsməyəcəyinə, yəni bizdən əvvəl oradan çıxmayacağına necə əmin olmaq olar?

CAVAB: Biz əslində bu qərarı verməzdən əvvəl NATO müttəfiqləri ilə məsləhətləşmələr aparmışdıq. Mən məsələni NATO-nun baş katibi və eyni zamanda əsgəri qüvvə göndərən əsas ölkələrlə müzakirə etmişəm. Onlar bilir ki, biz əsgərlərin sayını artırmışdıq və indi bunu dəyişirik, lakin 68 min nəfərlik əsgəri qüvvə əvvəlki səviyyədə gələn ilin sonuna qədər orada qalacaq. Bununla yanaşı, biz keçidi əfqan təhlükəsizlik qüvvələrinin ölkənin təhlükəsizliyini özlərinin təmin edə bildiyinə əmin olduğumuz bir şəkildə həyata keçirəcəyik.

SUAL:Hazırda qərarı orada vəziyyətə əsasən vermisiniz. Bu prosesi bütünlükdə necə düşünmüsünüz?

CAVAB: Bilirsinizmi, orada yerində general Petreas və komandirlər, habelə Əfqanıstan hökuməti ilə məsləhətləşmələri əhatə edən müzakirələr keçirildi. Burada başlıca məsələ düzgün balans qurmaqdır. Əfqan xalqına çatdırmaq lazımdır ki, biz suveren Əfqanıstanın təhlükəsiz olmasını istəyirik və biz bilirik ki, əfqanlar öz üzərinə daha çox məsuliyyət götürəndə bu, hamı üçün daha yaxşı olacaq, amma biz eyni zamanda əfqanların işin öhdəsindən gələ bilmədikləri vəziyyətdə yenidən qalmaması üçün işlərin tələsik görülməsini istəmirik. Fikrimcə, rəqəmlər düzgün balansdan xəbər verir. Bu, əfqanlarla tərəfdaşlıq münasibətlərini saxlamağımıza imkan verən mərhələli keçid prosesinə uyğundur. Lakin onu da nəzərə alın ki, artıq orada hər gün döyüşə gedən əfqanların özləridir, öz ölkələri, öz azadlıqlıqları və öz ləyaqətləri uğrunda ölən əfqanlar özləridir. Bizim istədiyimiz bu prosesdə yaxşı tərəfdaş olmağa davam etməkdir, lakin biz eyni zamanda əfqan xalqına siqnal göndəririk, “Bu sizin ölkənizdir, son nəhayətdə məsuliyyəti özünüz daşımalısınız”.

SUAL:Siz qeyd etdiniz ki, Əfqanıstan hökuməti və prezident Həmid Karzai ABŞ və NATO-ya tənqidi münasibət bəsləyib. Bu kimi bəyanatlar sizi narahat edirmi? O necə müttəfiqdir?

CAVAB: Prezident Karzainin bizimlə eyni strateji maraqları olduğunu düşünürəm. Bu da öz müqəddəratını təyin etməyə qadir olan və ümumilikdə beynəlxalq ictimaiyyəti, xüsusilə də Birləşmiş Ştatları Əfqanıstanın istəklərini dəstəkləyən tərəfdaş kimi görə bilən suveren və güclü əfqan hökumətinin olmasından ibarətdir. Aydındır ki, ölkənin daxilində böyük sayda əsgəri qüvvə saxladığımız mürəkkəb bir şəraitdə gərginliklər ola bilər. Həqiqətən də günbəgün orada taktiki əməliyyatların gərginliklə nəticələndiyi vaxtlar olur. Lakin o, Əfqanıstanın terrorçular üçün sığınacaq olmamasında və Əfqanıstanın konstitusiyasına əməl olunmasında maraqlıdır. Onun üzərinə götürdürü öhdəliklər ABŞ-ın maraqları ilə mənim düşündüyüm kimi üst-üstə düşür.

SUAL: Avropa müttəfiqləri və NATO haqda danışdıq. Avropada müharibədən yorulublar. Siz bunu burada da hiss edirsinizmi və bu məsələni necə həll etməyi düşünürsünüz?

CAVAB: Heç şübhə yoxdur ki, 10 ilə yaxındır Əfqanıstanda müharibədən sonra insan itkisi və sərf edilən pulu düşündükdə insanlar yorulur. Amma yaxşı xəbər odur ki, əsgərlərin sayını artırdığımıza görə, Talibanın üstünlüyünü azalda bildiyimizə və təhlükəsizlik sahəsində əldə etdiyimiz üstünlüklər və əfqan təhlükəsizlik qüvvələrinə təlim verilməsində uğurlarımıza görə biz indi güc mövqeyini dəyişirik. Fikrimcə, həm Amerika xalqı, həm də mənim danışdığım müttəfiqlər bizim işi başa çatdırdığımızı, əfqanlara təhlükəsiz bir ölkəni təhvil verməyimizi istəyirlər. Biz buna Əfqanıstan qanunları və Əfqanıstanın təhlükəsizliyinə hörmət edilməsi kimi əməkdaşlıq ruhunda nail olmaq istəyirik, lakin əmin olmalıyıq ki, çox əmək sərf etdiyimiz bir işi də kənara qoymuruq.

SUAL: Fikirləşmirsinizmi ki, əfqanların bir hissəsi onların tərk edildiyini düşünəcək.

CAVAB: Belə fikirləşmirəm. Nəzərinizdə saxlayın ki, söhbət bu ilin sonuna qədər 10 min, gələn il yayın sonuna qədər isə 23 min əsgərdən gedir. Bizim koalisiya qüvvələrinə əlavə olaraq orada 68 min nəfərlik əsgəri qüvvəmiz qalacaq. Orada yenə də güclü hərbi mövcudluq olacaq, amma bu, əfqanlara bir siqnaldır ki, onlar tədricən daha çox məsuliyyəti öz üzərinə götürməlidir.

SUAL: Bildiyiniz kimi barışıq Əfqanıstanda ən çox istifadə edilən sözdür. Bu ifadəyə necə izahat verərdiniz? Amerikanın bu prosesdəki rolu nədir? ABŞ Talibanla dialoqu müdafiə edirmi?

CAVAB: Biz davamlı olaraq bildiririk ki, regionda həqiqətən də sülhün bərqərar olması üçün orada siyasi həll olmalıdır. Lakin bu siyasi həllin şərtləri mühümdür və biz meyarlarımızı aydın bildirmişik. Biz əfqanları təşviq edəcəyik və özümüz də kiminlə lazımdırsa danışıq aparacayıq, amma əl-Qaidə ilə əlaqələri onlar kəsməlidir, Əfqanıstan konstitusiyasına onlar əməl etməlidir və siyasi hakimiyyətə malik olmaqdan ötrü zorakılığın qarşısını onlar almalıdır. Əgər bu ölçülər götürülsə, bu, 30 il müharibələrdən sarsılan Əfqanıstana siyasi sabitlik gətirə bilər. Lakin bizim hərbi səylərimiz siyasi məsələlərə dəstək verməlidir. Taliban və digərləri bilməlidir ki, müzakirə masası arxasına yalnız Əfqanıstanın konstitusiya qanunları çərçivəsində keçə bilərlər.

SUAL: Əfqanıstandan danışıldıqda Pakistanın da adı çəkilir. Əfqanıstandan çıxdıqdan sonra Pakistan növbədə ola bilərmi?

CAVAB: Diqqətlər artıq Pakistana yönəlib. Hələ iki il bundan əvvəl deyırdim ki, Əfqanıstanla Pakistana eyni problem baxımından yanaşılmalıdır. Bu sərhəd regionda ekstremistlər sığınacaq tapıb, əl-Qaidə bəzi bölgələrə nəzarət edir. Əfqanıstandan Pakistana, Pakistandan Əfqanıstana və dünyanın başqa yerlərinə hücumlar edilir. Bu baxımdan Pakistanla əməkdalığa üstünlük veririk. Bu, problemlərə də səbəb olub. Pakistan bizimlə əvvələr də əməkdaşlıq edib. Pakistan kimi terrorizmdən ziyan çəkən ikinci bir ölkə yoxdur. Bu, Pakistanın maraqlarına xidmət edir. Biz düşünürük ki, Pakistan barışıq prosesində böyük rol oynaya bilər. Əfqanıstan prezidenti Həmid Karzai Pakistana səfəri zamanı Pakistan, Əfqanıstan və ABŞ-ın prosesin inkişafı üçün qrup şəklində fəaliyyət göstərməsi ilə razılaşmışdı. Bu ölkə hələ də ərazilərində fəaliyyətdə olan terrorçuların məhvində maraqlıdır.

SUAL: Pakistanla ABŞ münasibətlərində soyuqluq yaranıb. İslamabadla Vaşinqton arasındakı gərginlikləri necə həll etməyi düşünürsünüz?

CAVAB: Məncə, münasibətlər son zamanlar daha səmimi olub. Səmimiyyətin yaratdığı fikir ayrılıqları təbiidir. Üsama Bin Laden əməliyyatı gərginliyə səbəb olub. Lakin mən Pakistana onu tapdığımız təqdirdə, götürəcəyik demişdim. Pakistan suverenliyinin təhlükədə olduğunu və bu təhlükənin onun öz ərazilərindən gəldiyini qəbul etsə, ABŞ, Əfqanıstan və Pakistanın təhlükəsizlik maraqları sahəsində əməkdaşlıq etməməsinə heç bir səbəb görmürəm.

Sual: Sizcə Pakistan terrorizmlə mübarizədə daha fəal iştirak etməlidir?

CAVAB: Pakistan həmişə terrorizmi ya başqalarının problemi kimi görüb, ya da Taliban elementlərinin Əfqanıstanın təsirinə düşdüyünü düşünüb. Biz Pakistana terrorizmin hədə olduğunu, qonşuları və Amerika kimi dostları ilə münasibətlərinə xələl gətirdiyini başa salmaq istəyirik. Pakistan Talibandan Əfqanıstan əleyhinə istifadə etməkdənsə, əksinə Əfqanıstan hökumətini əməkdaşlıq ediləcək bir tərəfdaş kimi qəbul etməlidir.

SUAL: Yenidən Əfqanıstana qayıdaq. Sizcə Avropa müttəfiqləri fəaliyyətlərini artırmalıdırmı? Son həftələr Robert Geyts Avropa və NATO-nu tənqid edib. Onlar nə edə bilər?

CAVAB: Avropalı müttəfiqlərimizin Əfqanıstanda verdiyi qurbanların sayı hədsizdir. Britaniya, Fransa, İtaliya və Hollandiya qüvvələrinin vetdiyi itkiyə, Mərkəzi və Şərqi Avropa ölkələrinin hərbi qüdrətlərindən daha artıq iş gördüklərinə nəzər salınsa, onların gördüyü işlər təəccüb doğurur. NATO-nun rolu artdıqca, “biz haraya gedirik” kimi bir sualla qarşılaşırıq. Hərbi büdcəmiz təzyiqlər altındadır. Nazir Geyts Avropanın Əfqanıstandakı əməkdaşlığı deyil, daha çox NATO-nun gələcək fəaliyyətləri və əməliyyatlarında bizimlə tam tərəfdaşlığını nəzərdə tutub.

SUAL: Siz hərbi büdcəyə toxundunuz. Mən əminəm ki, qüvvələrin geri çəkilməsinin səbəblərindən biri müharibə məsrəfləridir. Büdcə böhranı sizin xarici siyasətə təsir edəcəkmi?

CAVAB: Hazırkı qərarın büdcə hesabları ilə əlaqəsi yoxdur. Qərar 18 ay əvvəl açıqladığım strategiyaya əsaslanır. Mən Amerika xalqına verdiyim vədə əməl etmək istəyirdim. Bu, Əfqanıstanın təhlükəsizliyinin təmin edilməsinə yardım edəcək. Biz daimi şəkildə o ölkədə keşik çəkə bilmərik. Nəhayət, Əfqanıstan xalqı özü bu işi görməlidir. Bir məsələdə heç şübhə yoxdur ki, Birləşmiş Ştatlar təkcə Əfqanıstan deyil, İraq müharibəsinə görə də olduqca böyük maliyyə yükü daşıyır. Amerika xalqı ilə danışanda mənim məsələ ilə bağlı gətirdiyim dəlillərdən biri budur ki, bizim gücümüz, bizim qüdrətimiz həmişə və hər zaman iqtisadi qücümüzə və tərəqqiyə əsaslanıb. Biz gücü daha düşünülmüş şəkildə göstərməliyik. Bu, yaxşı strategiyadır. Bu, bizim milli təhlükəsizliyimiz üçün yaxşıdır. Göründüyü kimi bu, həm də büdcə üçün yaxşıdır.

XS
SM
MD
LG