Accessibility links

Rəsmilər: Rusiyanın Ukrayna yaxınlığında qan tədarükü ABŞ-ın narahatlığını artırır


Üç ABŞ rəsmisi Reuters-ə bildiriblər ki, Rusiya Ukrayna yaxınlığında qan tədarükünü, habelə yaralıları müalicə etmək üçün istifadə oluna biləcək digər tibbi materiallar toplamağa başlayıb ki, bu da bir daha Moskvanın hərbi hazırlığına işarə edir.

ABŞ-ın hazırkı və keçmiş rəsmiləri deyirlər ki, qan tədarükü kimi konkret göstəricilər Rusiya prezidenti Vladimir Putinin buna qərar verəcəyi təqdirdə Moskvanın müdaxiləyə hazır olub-olmayacağını müəyyən etmək üçün çox vacibdir.

Adlarının anonim qalması şərtilə danışan ABŞ rəsmilərinin qan ehtiyatları ilə bağlı açıqlaması ABŞ-ın Rusiyanın Ukraynanın sərhədləri yaxınlığında 100 mindən çox hərbçi topladığı bir vaxt Ukraynaya yeni müdaxiləyə hazırlaşacağına dair xəbərdarlıqlarına yeni kontekst qatır.

Bu xəbərdarlıqlar arasında prezident Co Baydenin Rusiyanın hücumunun ehtimalı ilə bağlı proqnozu və ABŞ Dövlət katibi Antoni Blinkenin Rusiyanın “çox qısa müddətdə” Ukraynaya yeni hücum edə biləcəyi ilə bağlı açıqlamaları var.

Pentaqon daha əvvəl Rusiyanın qüvvə cəmləşdirməsinin bir hissəsi kimi sarhədə “tibbi dəstəyin” göndərildiyini bildirib. Ekspertlərin dediyinə görə, qan ehtiyatlarının göndərildiyinə dair açıqlama Rusiyanın hərbi hazırlığını müəyyən etmək üçün mühüm əhəmiyyət kəsb edən detallar əlavə edir.

"Bu, başqa bir hücumun olacağına zəmanət vermir, lakin bu əlinizdə olmasa, başqa bir hücumu həyata keçirmək imkanınız olmayacaq" – deyə, hazırda Avropa Siyasət Təhlili Mərkəzinin tədqiqat institutunda çalışan təqaüddə olan ABŞ general-leytenantı Ben Hocs bildirib.

Rusiya Müdafiə Nazirliyi şərh üçün yazılı sorğuya dərhal cavab verməyib.

Ağ Evin sözçüsü Rusiyanın qan tədarükü ilə bağlı hər hansı hərəkətini dərhal şərh etməyib, lakin Rusiyanın hərbi hazırlığı ilə bağlı ABŞ-ın dəfələrlə açıqladığı xəbərdarlıqları qeyd edib.

XS
SM
MD
LG