Accessibility links

Ombudsman təcridxanaya baş çəkib


Baş Prokurorluq Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) son günlər həbs edilən üzvləri Fuad Qəhrəmanlı, Asif Yusifli və Seymur Əhmədovun işgəncələrə məruz qalması ilə bağlı iddialara münasibət bildirib.

Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirildiyinə görə, iyulun 14-dən 15-ə keçən gecə baş verən hadisələrlə bağlı açılan cinayət işi üzrə təqsirləndirilən Seymur Əhmədov, Asif Yusifli, Fuad Qəhrəmanlı və digərlərinin hüquqlarının pozularaq işgəncəyə məruz qalmaları ilə bağlı həqiqətə uyğun olmayan informasiyalar yayılıb.

"...yalan informasiyaların yayılması yolverilməzdir”

Qeyd edilib ki, cinayət işini süni surətdə siyasiləşdirərək cəmiyyətdə qəsdən yanlış fikir formalaşdırmaq, istintaqın obyektiv gedişatına təsir göstərməklə ictimai rəyi çaşdırmağa xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən qəti şəkildə təkzib olunur."

“Təqsirləndirilən şəxslərin iştirakı ilə keçirilmiş bütün istintaq hərəkətləri cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq müdafiəçinin iştirakı ilə həyata keçirilməklə hüquqi yardım almaq və qanunvericilikdə nəzərdə tutulan digər hüquqlar tam təmin olunub. Azərbaycan Respublikası Baş Prokurorluğu bir daha bəyan edir ki, cinayət işinin istintaqı zamanı əsassız, dəqiqləşdirilməmiş, siyasi məqsəd güdən yalan informasiyaların yayılması yolverilməzdir.”, açıqlamada yazılıb.

Ombudsman təcridxanaya baş çəkib

Bu barədə bu gün, avqustun 2-də Ombudsman Aparatı məlumat yayıb. Məlumatda yazılıb ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən plandankənar başçəkmə həyata keçirib.

Səbinə Əliyeva
Səbinə Əliyeva

“...Başçəkmə çərçivəsində müəssisədə saxlanılan bir neçə təqsirləndirilən şəxs, o cümlədən Fuad Qəhrəmanlı və Seymur Əhmədov konfidensial qaydada qəbul olunub və onların müraciəti dinlənilib. F. Qəhrəmanlı haqqında sosial mediada yayılan məlumatlar öz təsdiqini tapmayıb, eyni zamanda onun vəkilinin müraciəti də yerində araşdırılıb. Qəbul zamanı F. Qəhrəmanlı və S. Əhmədov saxlandıqları müddətdə onlarla rəftardan və saxlanma şəraitindən şikayət etməyib, hal-hazırda sağlamlıq durumlarının da normal olduğunu bildiriblər”.

Açıqlamaya görə, təqsirləndirilən şəxslərlə rəftar məsələləri, saxlanılma şəraiti, qidalanma, tibbi yardım, telefon danışığı, görüş və digər hüquqların təmin olunması vəziyyəti yerində araşdırılıb:

“Milli Preventiv Qrupun üzvlərinin, o cümlədən həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı saxlanılan şəxslərə hüquqları, eləcə də müvafiq qanunvericiliyin tələbləri izah edilib.Başçəkmə çərçivəsində Ombudsmana ünvanlanmış müraciətlər qəbul olunub, saxlanılan şəxslər tərəfindən barələrində aparılan istintaqla bağlı qaldırılan məsələlər üzrə hüquqi məsləhətlər verilib, bir sıra müraciətlər yerində təmin edilib.”

Açıqlamaya görə, yekunda müəssisə rəhbərliyi ilə hüquqi maarifləndirici söhbət aparılıb, milli, beynəlxalq qanunvericiliyə uyğun olaraq həbs yerində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmini, saxlanma şəraiti ilə bağlı müvafiq tövsiyələr verilib.

Son günlər AXCP-nin ayrı-ayrı təmsilçiləri bu partiyanın rəyasət Heyətinin üzvləri Fuad Qəhrəmanlı, Asif Yusifli və fəallardan S. Əhmədovun taleyi ilə bağlı narahatlıqlarını ifadə ediblər. Həmin açıqlamalarda qeyd edilir ki, saxlandıqdan bəri Fuad Qəhrəmanlı ilə yaxınları və vəkili görüşə bilməyib, ümumiyyətlə onunla əlaqə saxlamaq mümkün olmayıb. Üstəlik, hər 3 şəxsin işgəncələrə məruz qalması ilə bağlı məlumatların alındığı və məlumatları dəqiqləşdirməyin mümkün olmadığı vurğulanıb.

AXCP-dən verilən məlumata görə, son həftələr partiyanın ümumilikdə 40-dan çox üzvü saxlanıb. Partiyanın məlumata görə, onlardan 18-nə cinayət işi açılıb, biri istisna olmaqla, digərləri barəsində həbs-qətimkan tədbiri seçilib. Daha 15 civarında cəbhəçinin karantin rejimini pozmaqda suçlandığı, onların hər birinə inzibati həbs cəzası verildiyi bildirilir.

XS
SM
MD
LG