Britaniya və Cənubi Afrikada aparılan yeni araşdırmalar göstərib ki, koronavirusun sürətlə yayılan omikron variantı daha yumşaqdır və digər versiyalara nisbətən daha az insan bu səbəbdən xəstəxanaya yerləşdirilir.
Şotlandiyanın Edinburq Universitetinin tədqiqatçılarının araşdırmasına görə, omikrona yoluxmuş insanların son vaxtlar dünyada üstünlük təşkil edən delta variantına yoluxmuş şəxslərlərlə müqayisədə xəstəxanaya düşmə ehtimalının azı 60% daha az olduğunu göstərib.
London İmperial Kollecində aparılan başqa bir araşdırma omikron diaqnozu qoyulan insanların xəstəxanaya təcili müraciət etmə ehtimalının 15-20% daha az olduğunu, eyni zamanda müalicə edilməli olan omikron xəstələrinin sayında 40-45% azalma göstərdiyini ortaya qoyub.
Cənubi Afrikanın Yoluxucu Xəstəliklər üzrə Milli İnstitutunun (NICD) alimləri delta və ya digər ştammlar üçün testi müsbət çıxanlarla müqayisədə omikron testinin müsbət çıxan xəstələr arasında xəstəxanaya yerləşdirmə riskinin 70-80% aşağı olduğunu aşkar edən araşdırma yayıb.
NICD tədqiqatçıları bu ölkədə omikron epidemiyasının son bir həftədə yeni infeksiyaların 20% azalması ilə pik həddinə çatdığını bildirib.
Lakin Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin rəhbəri Con Nkenqasonq cümə axşamı günü virtual mətbuat brifinqi zamanı xəbərdarlıq edib ki, Cənubi Afrikadan digər ölkələrdə baş verə biləcək omikron yoluxmalarına görə nümunə kimi istifadə edilməməlidir.
ABŞ-ın hərbi nəşri Defense One da daha ümidverici xəbərlə çıxış edərək ABŞ ordusunun ən böyük Uolter Rid Ordusu (Walter Reed) Tədqiqat İnstitutunun tezliklə hamıya qarşı qorunma təklif edə biləcək eksperimental peyvəndin inkişafını elan edəcəyini bildirib.
Walter Reed-in tədqiqatçıları bu ilin əvvəlində tamamlanan heyvan sınaqlarından müsbət nəticələr əldə etdikdən sonra yeni peyvəndin insanlarda klinik sınaqlarının birinci mərhələsinə başlayıb.
Walter Reed-in yoluxucu xəstəliklər şöbəsinin direktoru Dr. Kayvon Modjarrad Defense One-a iki ildir ki, "pan-koronavirus" peyvəndini hazırlamaq üçün çalışdığını deyib. O, insan sınaqlarının başlamasının gözləniləndən daha uzun sürdüyünü bildirib. Belə ki, tədqiqatçılar nə peyvənd olunmamış, nə də əvvəllər COVID-19-a yoluxmuş subyektləri tapmalı idilər.
Bu arada, dünya səlahiyyətliləri omikronun meşə yanğınına bənzər yayılmasına cavab olaraq daha çox koronavirus məhdudiyyətləri tətbiq etməkdə davam edir.
Avstraliyada Yeni Cənubi Uels ştatının Baş naziri Dominik Perrottet cümə axşamı günü 5715 yeni yoluxma qeydə alındıqdan sonra qapalı məkanlarda maska taxmaq mandatını yenidən tətbiq edib. Bu, çərşənbə günü qeydə alınan 3763 yeni yoluxma hallarından təxminən iki dəfə çoxdur.
Çinin şimal Şian şəhərinin səlahiyyətliləri yeni halların artmasının qarşısını almaq üçün 13 milyon sakinin yaşadığı bütün ərazini ciddi şəkildə mühasirəyə alıb.
Vacib işləri olmayan insanların evlərini tərk etmələri qadağan edilib və hər evdən yalnız bir nəfərin iki gündə bir alış-veriş edə biləcəyi əmr edilib.
Şaanxi əyalətinin paytaxtı Şian son həftələrdə 200-dən çox yeni yerli yoluxma hallarını təsdiqləyib, baxmayaraq ki, artıma omikron və ya deltanın səbəb olduğu bilinmir.