Accessibility links

Ömər Əngin Lütəm Türkiyə baş nazirinin Vaşinqtona gələcək səfərini şərh edir


Ömər Əngin Lütəm
Ömər Əngin Lütəm

Türkiyədə yerləşən Avrasiya Araşdırmaları Mərkəzinin prezidenti, təqaüddə olan səfir Ömər Əngin Lütəm cənab Ərdoğanın səfəri ilə bağlı gözləntilər və mümkün müzakirə mövzularından söz açır.

Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğan xarici işlər naziri Əhməd Davudoğlu ilə birgə aprelin 12-də Vaşinqtonda keçiriləcək nüvə təhlükəsizliyi sammitində iştirak etməyi planlaşdırır. Türkiyədə yerləşən Avrasiya Araşdırmaları Mərkəzinin prezidenti, təqaüddə olan səfir Ömər Əngin Lütəm cənab Ərdoğanın səfəri ilə bağlı gözləntiləri və mümkün müzakirə mövzularını xidmətimizlə müsahibədə şərh edib.

Ömər Əngin Lütəm sammitdə başlıca olaraq Türkiyə-Ermənistan münasibətləri və son vaxtlar ABŞ-la Türkiyə arasında soyuqlaşmaya səbəb olmuş erməni təhciri mövzusunun əsas yer alacağını güman edir. Sabiq səfir söyləyib ki, Ermənistan prezidenti Serj Sarkisyan da Vaşinqtondakı tədbirə dəvət alıb və mümkündür ki, Türkiyə və Ermənistan liderləri Vaşinqtonda olarkən görüşsünlər. Türkiyə ilə Ermənistan arasında protokolların gələcək perpsketivlərinə gəldikdə cənab Lütəm sənədlərin hər iki parlament tərəfindən təsdiq olunmasının şərt olduğunu vurğulayıb. Eyni zamanda baş nazir dəfələrlə bəyan edib ki, Türkiyə Ermənistan münasibətlərinin normallaşması Dağlq Qarabağ münaqişəsinin həlli ilə sıx bağlıdır. “Hazırkı anda Qarabağ məsələsində ciddi bir irəliləyiş yoxdur. Odur ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan razılıqların ratifikasiya ediləcəyini zənn etmirəm,” deyə Lütəm əlavə edib.

Cənab Lütəmin sözlərinə görə Türkiyə lideri Vaşinqtona ABŞ rəhbərliyininin dəvəti ilə gedir. Bu baxımdan görüşdən müəyyən nailiyyətlər əldə etməyə çalışan tərəf də Amerikadır. Artıq bir müddətdir ki, ABŞ İranın nüvə proqramı ilə bağlı bu ölkəyə qarşı təzyiq kampaniyası aparır. Lakin Ərdoğan administrasiyası Qərbin təzyiq kampaniyasına qoşulmaqdan imtina edir. “Bu günə qədər Türkiyə rəhbərliyi İranın atom bombası istehsal etmək məqsədi güdməsi haqda deyilənlərlə razılaşmayıb. Bu baxımdan Amerika ilə Türkiyə arasında fikir ayrılığı mövcuddur,” deyə cənab Lütəm bildirib. Əksinə, son vaxtlarda Ankara ilə Tehran arasında münasibətlər misli görünməmiş dərəcədə istiləşməyə başlayıb. Beləliklə, Obama administrasiyası ümid edir ki, cənab Ərdoğanla əlavə danışıqlar Türkiyə rəhbərliyini yola gətirməyə kömək edəcək.

XS
SM
MD
LG