Accessibility links

Trampın bir zamanlar vəkili olan Maykl Kohen tez-tez yalan danışdığını etiraf edib


Maykl Kohen. 16 may, 2024.
Maykl Kohen. 16 may, 2024.

Donald Trampın bir zamanlar vəkili olan Maykl Kohen cümə axşamı keçmişdə silsilə yalanlar söylədiyini etiraf edərək, keçmiş prezidentin Nyu Yorkdakı cinayət işində münsiflər məhkəməsinə deyib ki, o, bəzən Trampa yardım etmək, bəzən isə ailəsini qorumaq üçün yalanlar danışıb.

Trampın müdafiə vəkili Todd Blanç bir sıra suallar ünvanlayaraq ittiham tərəfinin əsas şahidi olan Koheni inanması mümkün olmayan, vicdansız, aldadıcı və şübhəli biri kimi təsvir etməyə çalışıb.

Bir nöqtədə Kohen Moskvada inşası planlaşdırıaln amma həyata keçməyən Trump Tower layihəsi ilə bağlı Trampla olan söhbətlərinin sayına dair Konqres panelinə söylədiyi yalanlardan bəhs edib.

Kohen deyib ki, yalanlar həmin zaman Trampa yardım etmək niyyəti daşıyırdı, amma Blanç ona “Siz yalan danışdığınızı bilirdiniz, düzdü mü?” sualını verib.

Kohen də cavab olaraq “Bəli” deyib.

Kohen həmçinin başqa bir zaman vergi qaçırma işində federal hakimə yalan söylədiyini deyib, çünki dediyinə görə, həyat yoldaşı Lauranın həmin işdə təqsirli bilinməsini istəmirdi. O həmçinin Trampın 2017-2021-ci illərdəki prezidentliyi dövründə onun və özünün hərəkətlərini araşdırmaq istəyən müstəntiqlərə müxtəlif zamanlarda söylədiyi yalanları sadalayıb.

Blanç Kohenin hakimiyyətdən getmədən öncə Trampın onunla bağlı əfv fərmanı verməsini istədiyini inkar edərkən yalan söylədiyini iddia edib. Kohen cavab olaraq deyib ki, o, bu ehtimalı sadəcə olaraq vəkili ilə müzakirə edib, Trampa söyləməyib.

Kohen istintaq tərəfinin Trampın əleyhinə ifadə verən 19-cu və sonuncu şahididir. Bu, hər hansı ABŞ prezidentinə qarşı qaldırılan ilk cinayət işidir.

Blanç 12 üzvlük münsiflər məhkəməsinə illər boyu Trampa sadiq olandan sonra ona üz döndərən Kohenin müəyyən dərəcədə intiqam məqsədinin olduğunu göstərməyə çalışıb, çünki Tramp prezident olandan sonra onu yeni administrasiyasında yüksək vəzifəyə təyib etməyib.

Kohen deyib ki, o, öz eqosu üçün Trampın Ağ Evdə aparat rəhbəri vəzifəsinə nəzərdən keçirilməsini istəyirdi, amma etiraf edib ki, seçilmədiyi zaman qızına məyus olduğunu da deyib. O bildirib ki, prezidentlik müddətinin ilk 15 ayında Trampın şəxsi vəkili olsa da, ona çox az hüquqi xidmət göstərib.

Blanç Kohenin bir il əvvəl podkastında Trampın Nyu-York işində ittiham olunmasını sevinclə qeyd etməsini əks etdirən səs yazısını çalıb.

Səs yazılarından birində Kohen “bu adamın həbsxanaya düşəcəyinə” ümid etdiyini deyib və bildirib ki, “inanın ki, mən bu kişinin mənə və ailəmə etdiklərinə görə içəridə çürüməsini istəyirəm.”

“O indi mənim yaşadıqlarımı təcrübə edəcək və sizə deyə bilərəm ki, bu, əyləncəli deyil,” Kohen podkastlarından birində deyib.

Blanç, bu həftənin əvvəlində Kohenin Trampın 2016-cı il seçkisindən bir az öncə porno ulduz Stormi Danielsə seçicilərin onun Trampla on il əvvəl cinsi əlaqədə olduğuna dair iddiasını öyrənməmələrinin qarşısını almaq məqsədilə susması üçün 130 000 dollarlıq pul ödəməsinə göstəriş verdiyinə dair ifadəsinin əhəmiyyətini azaltmağa çalışıb.

Danielsə susması üşün ödənilən pul 2018-ci ildə ictimaiyyətə məlum olub. Blanç cümə axşamı Kohenin jurnalistləri aldadaraq, nə Trump Təşkilatının, nə də Trampın 2016-cı il seçki sekampaniyasının bununla heç bir əlaqəsi olmadığına inandırdığını söyləməsini təmin edib.

Trampın Floridada oğlu Barronun orta məktəbi bitirməsi münasibətilə keçirilən tədbirdə iştirak edə bilməsi üçün cümə günü məhkəmə keçirilməyəcək. Blanç bazar ertəsi Koheni sorğu-sual etməyə davam edəcək. Bunun ardınca isə prokurorların Koheni 2016-cı il seçkiləri ətrafındakı hadisələrlə bağlı öz versiyaları və Kohenin illər ərzində danışdığı yalanların miqyası barədə yenidən sorğu-sual etmək imkanları olacaq.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu məhkəmədə etiraz edib: "Diktator Əliyevi dəstəkləməyin"
please wait

No media source currently available

0:00 0:11:47 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG