Accessibility links

Amerikalıların 25%-dən çoxu demək olar ki, həmişə onlayndır


Aparılmış yeni tədqiqatın nəticələrinə görə, amerikalıların 25%-dən çoxu demək olar ki, həmişə onlayndır.

Pew Araşdırma Mərkəzinin bu ilin yanvarında apardığı araşdırma Amerikada yetkin insanların 26% -nin internetdə çox vaxt keçirdiyini ortaya qoyub. 2015-ci ildə bu göstəricinin 21% olduğu bildirilir.

Tədqiqat Mərkəzi bundan başqa insanların 77%-nin ən azı hər gün internetə girdiyini müəyyən edib. Yetkinlik yaşına çatmış amerikalıların yalnız 11%-i internetdən heç istifadə etmədiyini bildirib.

İnternetdən həddindən artıq istifadə edən insanların faiz nisbətinin artmasının bir səbəbi smartfonların geniş yayılması və kütləvi istifadəsidir. Yetkinlik yaşına çatmış hər 10 amerikalıdan 8-i ən azı vaxtaşırı internetə smartfonundan daxil olduğunu bildirib. Smartfon istifadəçilərinin 89%-i internetə hər gün daxil olduğunu, 31%-i isə, demək olar, həmişə onlayn olduğunu deyib.

İnternetə mobil cihazlarından yox, kompüterlərindən girən amerikalılara gəlincə, onların 54%-i hər gün internetə girir və yalnız 5%-i internetdə çox vaxt keçirir.

Fasiləsiz internetdə olduğunu bildirənlər arasında gənclərin liderlik təşkil etdiyi ortaya çıxıb ki, bu da təəccüblü deyil. Gənclərin 39%-i, demək olar ki, həmişə onlayn olduğunu bildirib, az qala, yarıya qədəri isə gün ərzində dəfələrlə internetə girdiyini deyib.

Yaşı 65-i keçmiş amerikalılara gəlincə, onların yalnız 8%-i davamlı onlayn olduğunu, 30%-i isə gün ərzində bir neçə dəfə internetə daxil olduğunu deyib.

30-49 yaşlı amerikalıların internetdə, az qala, gənclər qədər vaxt keçirdiyi ortaya çıxıb. Yaşı 50 ilə 64 arasında olanlarınsa 17%-i, demək olar ki, davamlı internetdə olduğunu deyib. Bu isə 3 il öncəki 5%-lə müqayisədə çox böyük sıçrayışdır.

Araşdırma Mərkəzi internetdən ən çox istifadə etdiyini bildirən qruplar arasında universitet təhsili olan böyüklər, yetkinlik yaşına çatmış qaradərililər, yüksəkgəlirli ailələrdə yaşayan böyüklər və kənd ərazisi sayılmayan ərazilərdə yaşayan sakinlər kimi qrupların olduğunu müəyyənləşdirib.

Bakalavriat və ya daha yüksək təhsili olan şəxslərin 1/3-dən çoxu və ya 34%-i, demək olar, daim internetdə olduğunu bildirib. Müqayisə üçün qeyd edək ki, tam orta məktəb və ya daha az təhsili olanların yalnız 20%-i davamlı onlayn olduğunu deyib.

Qaradərili amerikalılara gəlincə, onların 37%-i, az qala, daim onlayn olduğunu bildirib. 92%-i isə ən azı hər gün internetə qoşulduğunu göstərib. Müqayisə üçün, araşdırma ölkənin latın amerikalı sakinlərinin 30%-nin, ağlarınsa 23%-nin ən azı hər gün internetə girdiyini müəyyən edib. Həm qaradərililər, həm də latın amerikalılar arasında internetdən istifadə etmə faizinin artdığı üzə çıxıb. Ağdərililər arasında bu göstərici sabit qalıb.

Maraqlıdır ki, Pew tədqiqat mərkəzi, eyni zamanda, gəlir səviyyəsinin də internetdə keçirilən vaxtın həcminə təsir etdiyini üzə çıxarıb. Tədqiqatın nəticələrinə görə, illik gəliri 75 min dollar və daha artıq olan amerikalıların 35%-i, demək olar ki, davamlı internetdə olduğunu bildirib. Gəliri ildə 30 min dollardan az olanların arasında isə bu göstərici yalnız 24% olub.

Şəhər və şəhərətrafı ərazilərdə yaşayan amerikalıların daim internetdə olması ehtimalının kənd ərazilərində yaşayanlarla müqayisədə daha yüksək olduğu üzə çıxıb. Şəhər və şəhərətrafı ərazilərdə yaşayanların 27%-i, kənd ərazilərində yaşayanlarınsa yalnız 15%-i az qala davamlı onlayn olduğunu deyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG