Konqresin demokrat nümayəndələri Tramp administrasiyasını Oreqon ştatının Portland şəhərində federal qüvvələrin dinc nümayişçiləri həbs etməsini kəskin qınayaraq, qüvvələrin gücdən istifadə etməsinin dərhal təhqiqatına çağırıb. Lakin prezident Tramp qaradərili Corc Floydun polis tərəfindən nəzarət altına alınarkən öldürülməsinə etiraz nümayişlərinin nəzarətdən çıxdığını deyir.
Portlandda həftə sonu gərginliklər artıb.
Polis binaları ətraflarına toplaşan bəzi nümayişçilər vandalizmə yol verib, yanğın törədib. Daha sonra onlar hüquq-mühafizə orqanlarının xəbərdarlığı ilə ərazini tərk ediblər.
İctimai asayişin pozlması demokrat konqresmenlərin kimlikləri bəlli olmayan federal qüvvələr tərəfindən həbslərin araşdırılması çağırışları fonunda baş verib. Prezident Tramp isə müdaxiləni müdafiə edib.
“Sizə deməliyəm ki, daha çox federal hüquq-mühafizə qüvvələrini yerləşdrəcəyik. Portlandda onlar fantastik iş görüblər..” - deyə, Tramp bildirib.
Lakin yerli rəsmilər federal yardıma ehtiyacları olmadığını deyir.
“Sizin mövcudluğunuz istənilmir, buna ehtiyac duyulmur” , Portland meri Ted Viler deyib.
Ştat qurbernatorunun sözlərinə görə, federal yardım dinc nümayişləri daha da qızışdırır.
“Bu, sanki oda benzin tökməkdir” - deyə, Oreqonun qubernatoru Keyt Braun bildirib.
Özlərini analar adlandıran qadın komandası nümayişçiləri federal taktika birliklərindən qorumaq üçün insan divarı yaradıb.
Konqresin demokrat üzvü Rəşidə Tlaib Twitter hesabında Trampın ABŞ şəhərlərinə əlavə qüvvə yerləşdirməsini elan etməsinə baxmayaraq, şəhəri Detroytu müdafiə edəcəyinə and içib.
Yerli dini liderlər Oreqonda gərginliklərin azaldılması məqsədi ilə dinc yürüş keçirməyi planlaşdırır.
Ştat ABŞ vətəndaşlarının qanunsuz həbsinə görə bir neçə federal agentliyi məhkəməyə verib.