Accessibility links

Orhan Pamuk Asiya ədəbiyyat mükafatı siyahısında beş finalist arasındadır


Türk yazıçısı Orhan Pamukun “Səssiz ev” əsəri 2012-ci il Asiya ədəbiyyat mükafatına namizəd göstərilən beş roman arasındadır. Asiya yaçızısı tərəfindən ya ingilis dilində yazılıb, ya da tərcümə edilən əsərə verilən prestijli mükafata namizədlərin adları bu gün açıqlanıb.

Orhan Pamukun “Səssiz ev” romanı nominasiya edilən əsərlər arasında ən yüksək yer tutur. Yazıçının özü də bu il Man Asiya Ədəbiyyat mükafatına namizədlər arasında yeganə Nobel mükafatı laureatıdır. Türkiyədə 1980-ci ildə dövlət çevrilişindən öncə üç nəslin nümayəndələri arasında münasibətlərə həsr edilmiş “Səssiz ev” 1983-cü ildə yazılmış və ingilis dilinə tərcümə edilmişdir. Lakin kitabın ingilis dilində nəşri Amerikada 2012-ci ildə işıq üzü görmüşdür. Roman hazırda Prinston universitetinin professoru olan keçmiş Amerika diplomatı, karyera yolu Bakıdan da keçən Robert Finn tərəfindən tərcümə edilib. Kitab Qərb mətbuatında olduqca yüksək rəylər alıb.


​Asiya ədəbiyyat mükafatına nominasiya edilən digər əsərlər arasında hind yazıçısı Ciit Tayilin 1970-ci illərdə Bombeydə narkotik aludəçiliyi mövzusuna həsr edilmiş “Narkopolis” debyüt romanı var. Bununla yanaşı, Malaziya yazıçısı Tan Tvan Enqin yapon mədəniyyətinin əsrarəngiz cəhətlərini açıqlayan “Axşam dumanlarının bağçası”, Pakistan yazıçısı Əli Fəruqun Hindistandan ayrılandan sonra Pakistanda yaşayan keçmiş güləşçinin həyatından bəhs edən “Gil və toz arasında” romanları və Yaponiya yazıçısı Hiromi Kavakaminin 38 yaşlı qadınla onun məktəbdə keçmiş ədəbiyyat müəllimi arasında münasibətlərə həsr edilmiş “Çamadan” romanı da prestijli mükafata namizəd göstərilən beş əsər arasındadır.

Yazıçılar və tənqidçilərdən ibarət heyət beş finalist daha geniş siyahıdan seçib. Bundan əvvəlki siyahıda Türkiyədə ən çox oxunana qadın yazıçı Elif Şəfəqin də adı var. Elif Şəfəq “İsgəndər” romanına görə Asiya mükafatına namizəd göstərilmişdi.

Asiya ədəbiyyat mükafatının laureatının adı martın 14-də açıqlanacaq. Mükafatı alan yazıçı 30 min dollar, tərcüməçi isə 5 min dollar alacaq.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG