Florida ştatının Orlando şəhərində geylərin gecə klubunda 49 nəfərin ölümü ilə nəticələnmiş terror hücumundan sonra prezidentliyə respublikaçı namizəd Donald Tramp müsəlmanların ABŞ-a daxil olmasına müvəqqəti qadağa qoyulması planını bir daha diqqətə çatdırıb.
Nyu Həmpşer ştatında kampaniya zamanı Tramp tərəfdarlarına seçildiyi təqdirdə səlahiyyətindən istifadə edərək "terror tarixi olan ölkələr"dən mühacirlərin ABŞ-a gəlməsinin qarşısını müvəqqəti alacağını söz verib.
Orlandoda terror hücumunu həyata keçirən şəxsin Amerika vətəndaşı olmasına baxmayaraq, Tramp Yaxın Şərqdən mühacirlərin ABŞ-a gəlib burada yaşayan insanları radikallaşdıra biləcəklərini deyib. O bu işin internet vasitəsi ilə də edilə bildiyini əlavə edib.
Bu yaxınlarda Brukinqs institutu tərəfindən keçirilən sorğunun nəticələri göstərib ki, milyarder namizəddən fərqli olaraq, amerikalıların əksəriyyəti qaçqınların Amerikaya gəlməsini istəyir. Sorğuda iştirak edənlərin 59 faizi qaçqınların qəbulunu dəstəkləyib, 41 faizi isə bunun əleyhinə olub.