Florida ştatının Orlando şəhərində geylərin gecə klubunda atışmadan bir neçə gün keçir. Rəsmilər bunu ABŞ tarixində ən qanlı atışma adlandırıb. Amerikanın Səsinin əməkdaşı Orlandoda baş verən hadisələrdən danışır.
Hücum bar bağlanmamışdan bir qədər əvvəl başladı.
Atışma insanların girov götürülməsi, daha sonra isə Orlandoda əsasən gey müştəriləri olan Pulse klubunda qan gölü ilə davam etdi. 49 nəfər öldü, 50-dən çox insan isə buraya – Orlando Health xəstəxanasına çatdırıldı.
Bu həftənin əvvəlində isə mətbuata açıqlama verən hospitalın həkimləri hadisəni belə xatırladı.
Orlando Health-dən həkim Tim Bullard: "Mən təcili yardım departamentinə çatanda bu gecənin həmişəkindən fərqli olduğunu anladım. Bütün otaqlarda güllə yarası almış insanlar uzanmışdı".
Orlando Health-dən həkim Tomas Smit: "Hamının bu vəziyyətə hazır olduğunu söyləmək çətindir, amma əvvəlki təlimlərimizin əsasında vəziyyəti ələ ala bildik".
Orlando Health-dən həkim Çadvik Smit: "Sadəcə işini görməlisən. Yəni başqa seçimin yoxdur. Əgər bir an dayansan, həmin insanlar ölə bilər".
Hospital heyəti xaotik anlara hazır olsa da, mülki vətəndaşlar hazır deyildi.
Zərərzəkən Karter: "Tualetin üstündə uzanan cəsədlərlərlə yanaşı, hər yerdə qanlı barmaq izləri görürdüm. O an bircə şey düşündüm ki, burada sağ çıxa bilməyəcəm və Allaha dua etməyə başladım. Dedim, Ay Allah getmək vaxtım çatıbsa, apar məni, daha atışma səsi eşitmək istəmirəm".
Ancaq Karter oradan xilas ola bildi. O və onlarla başqa zərərçəkən cəmiyyətdən təsəlli mesajları almaqdadır. Bundan başqa insanlar təşəbbüs irəli sürərək könüllü şəkildə onlara və qurbanların ailələrinə yardım məqsədilə 5 milyon dollar ianə toplamağa müvəffəq olub.