Romantik, musiqili “La La Land” filmi Oskar mükafatına original dizaynı və musiqisinə görə layiq görülüb.
Aktrisa Emma Stoun Oskara ən yaxşı qadın roluna görə, Demian Çezil ən yaxşı rejissor kimi layiq görülüb.
“La La Land” -in səhvən Oskara ən yaxşı film kateqoriyasında layiq görüldüyü elan edilsə də, sonradan ən yaxşı film kimi Oskarın qaradərili homoseksualın həyatından bəhs edən “Moonlight” – “Ay işığı” filminə verildiyi bildirilib.
“Moonlight” filmində Oskar mükafatına eləcə də narkotik maddələr alverçisi və məhəlləni narkotiklərlə təmin edən oğlana ata kimi yanaşan şəxsin rolunu oynayan aktyor Maherşala Əli ən yaxşı tərəfmüqabil kateqoriyasında layiq görülüb. Keçən il Oskar təqdimatında müxtəlifliyin olmaması ilə bağlı tənqidlərdən sonra bu film ssenarisinə görə də mükafat alıb.
Aktrisa Viola Devis “Fences” – “Çəpərlər” filmindəki Roz roluna görə Oskara ən yaxşı tərəfmüqabil kateqoriyasında layiq görülüb. “Fences”-də Viola Devis həyat yoldaşının qüsurlarını bilə-bilə ona dayaq olmağa çalışan qadın rolunu oynayır. O, həyat yoldaşına dəstəyi fərqlə deyil, şərəflə nümayiş etdirir. Bu qadın həm də Denzel Vaşiqntonun ifa etdiyi əsəbi ər obrazı ilə qaşqabaqlı oğlu arasında balans mahiyyəti daşıyır. O, gəzəyən ərinin evə uşaq gətirdiyində uşağı məcbur olduğu üçün deyil, öz seçiminə görə qəbul edir.
Aktyor Keysi Aflek isə Oskara “Manchester by the Sea” – “Dəniz sahilində Mançester” filmindəki roluna görə ən yaxşı aktyor kateqoriyasında layiq görülüb.
Belə ağır xarakter Viola Devisin oynadığı ilk rol deyil. Lakin onun bu il Oskar mükafatına layiq görülməsi kino sənayesində afro-amerikalı xarakterlərə yüksək qiymət verilməsi deməkdir. Buna misal “Moonlight” filmini göstərmək olar.
Xarici film kateqoriyasında Oskara iranlı rejissor Əsgər Fərhadinin “The Salesman” – “Satıcı” filmi layiq görülüb. Lakin Tramp administrasiyasının mühacirətlə bağlı siyasətinə etiraz olaraq iranlı rejissor mərasimndə iştirak etməyib.
Adətən ehtiramla müşayiət edilən Oskar mərasimi bu dəfə dramatik xatarter alaraq, sürprizlə başa çatıb.