Osvensim (Auşvits-Birkenau) ölüm düşərgəsinin keçmiş 300 məhbusu düşərgənin azad edilməsinin 70 illiyinin qeyd edilməsi münasibətilə Polşada toplaşıb. 1945-ci ildə yanvarın 27-də ölüm düşərgəsi Sovet ordusu tərəfindən azad ediləndə orada 7 min əsir, o cümlədən, 130 uşaq var idi.
Almaniya kanslerti Angela Merkel İkinci Dünya müharibəsi dövrü ən dəhşətli nasist düşərgələrindən biri olan Osvensimin azad edilməsinin 70-ci ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edib. Xanım Merkel yəhudilərin Almaniyada təhqirlər, təhdidlər və zorakılıqla qarşılaşması rüsvayçılıq adlandırıb.
Polşaya yola düşməzdən əvvəl Almaniya prezidenti Coakim Qauk Berlində parlament qarşısında çıxışı zamanı Osvensim cinayətlərinin dərslərindən danışıb. O deyib ki, müasir Almaniya nasist soyqırımının gətirdiyi rüsvayçılıq, günahkarlıq və vicdan əzabı hisslərindən keçərək insan haqları və bərabərlik çempionu olmuşdur.
Osvensim düşərgəsinin azad edilməsinin 70 illiyi münasibətilə tədbirdə Polşa, İsrail və Fransanın prezidentləri, Roma Papası Fransis və BMT-nin Baş katibi Ban Ki Mun da iştirak ediblər.
Osvensim düşərgərinin keçmiş əsirləri qaz kameralarında yandırılmış və qeyri-insani rəftar nəticəsində dünyasını dəyişmiş qurbanlara ehtiram bildirib, öz hekayələri ilə bölüşüblər. Düşərgənin sağ qalmış keçmiş əsirləri arasında ən gəncinin yaşı indi 70-dən yuxarıdır.
Adolf Hitlerin Avropada yəhudilərə qarşı soyqırım planının bir hissəsi olaraq 1940-cı ilin iyun ayı və 1945-ci ilin yanvarı arasında 1,3 milyon yəhudi Polşada işğal olunmuş Osvensim şəhəri yaxınlığındakı ölüm düşərgəsinə göndərilmişdi.
Təxminən 1,1 milyon yəhudi ölüm düşərgələrində qaz kameralarında öldürülmüş, ya da aclıq və xəstəlik nəticəsində dünyasını dəyişmişdir. Nasistlərin hakimiyyəti dövrü Avropada İkinci Dünya müharibəsindən əvvəl yaşayan 11 milyon yəhudinin 6 milyonu öldürülmüşdür.