Accessibility links

Pakistanda bomba partlayışı 4 əsgərin ölümünə səbəb olub


Pakistan rəsmiləri bu gün bomba partlayışının 4 əsgərin ölümünə səbəb oldiuğunu bildirib. Hadisə bir necə əsgərin yaralanması ilə nəticələnib.

Bomba qüvvələrin Kurram vilayətində girov götürülmüş amerikalı və kanadalı ailəni ələ keçirənlərin axtarışı zamanı işə düşüb.

Hücumun məsuliyyətini üzərinə götürən Taliban ölən əsgərlərinin sayının daha artıq olduğunu deyib.

Pakistan hərbi rəsmiləri beş il Taliban qrupu tərəfindən əsirlikdə saxlanıldıqdan sonra ABŞ-Kanada cütlüyünün və onların üç uşağının cümə günü Pakistanı tərk edərək qərbə qayıtdıqlarını deyib.

ABŞ kəşfiyyatının köməyi ilə Pakistan qoşunları 31 yaşlı əslən amerikalı Keytlin Koulman və onun 33 yaşlı kanadalı əri Coşua Boyl Əfqanıstanla sərhəddə Kurram qəbilə regionundan xilas edilib.

Prezident Donald Tramp Talibanla əlaqəsi olan Haqqani şəbəkəsində saxlanılan ailənin azad edilməsini alqışlayıb.

Pentaqon Koleman və onun ailəsinin necə azad edildiyi barədə təfsilata varmayıb. Amma bu əməliyyatın Pakistanla yaxşı münasibətlərə işarə etdiyini deyib.

“Mən onu əlavə etmək istəyirəm ki, yeni Cənubi Asiya strategiyasında elementlərdən biri dövlət katibinin dediyi kimi strategiyanın regionlaşdırılmasıdır. Biz Pakistanda vətəndaşların Pakistan qüvvələri tərəfindən azad edilməsini bu istiqamətdə əlverişli irəliləyiş kimi qiymətləndiririk. Biz Pakistanın bu işlərini çox müsbət addım kimi görürük” deyə General-Leytenant Kennet Makkenzi bildirib.

Torontoya qayıtdıqdan sonra Boyl həyat yoldaşının Taliban üzvləri tərəfindən zorlandığını, körpə qızının isə öldürüldüyünü deyib.

Taliban isə Boylun iddialarını yalan və uydurulmuş adlandırıb. Taliban sözçüsü onun xanımının təbii şəkildə uşağını saldığını deyib.

XS
SM
MD
LG