Polisin ölkənin məşhur müxalifət lideri İmran Xana qarşı terror ittihamı irəli sürməsindən sonra, cümə axşamı Pakistan məhkəməsi keçmiş Baş nazirin həbsdən qorunması müddətini uzadıb.
Məhkəmə keçən həftənin sonunda etdiyi çıxışı zamanı polis zabitlərini və qadın hakimi təhdid edilməsi ilə bağlı irəli sürülən ittiham nəticəsində Xanın həbs edilməsinin qarşısını alan qərarı sentyabr ayına qədər uzadıb.
Məhkəmənin qərarından öncəki hadisələrin inkişafı polis və Xan tərəfdarları arasında baş verə biləcək toqquşma qorxusunu artırmışdı. Xan kütləvi yürüşlərə rəhbərlik edir və vəzifəsindən uzaqlaşdırıldıqdan sonra növbədənkənar seçkilərin keçirilməsini tələb edir. Hökumət seçkilərin planlaşdırıldığı kimi növbəti il keçiriləcəyini bildirir.
Cümə axşamı Xan məhkəmədən kənarda jurnalistlərə deyib ki, heç vaxt heç kimi təhdid etməyib.
Xan ona qarşı irəli sürülən terror ittihamlarının siyasi motivli olduğunu və Baş nazir Şahbaz Şərif hökumətinin onun artan populyarlığından qorxduğunu deyib.
Xan Şərifin hökuməti haqqında “Siz Pakistanı lağa qoyursunuz” deyib.
Daha sonra Xan paytaxt İslamabadda mitinqlərin keçirilməsinə qoyulan qadağaya qarşı çıxmaq ittihamı ilə ona qarşı açılan cinayət işinə görə İslamabbadakı başqa məhkəməyə gedib. Ona həmin məhkəmədə də sentyabrın 7-nə qədər həbs olunmamaq qərarı verilib.
Daha əvvəl Xanın vəkili antiterror məhkəməsindən Xanın həbs olunmamasını istəyib. Babar Avan Xana qarşı irəli sürülən terror ittihamlarının “intiqam aktı” olduğunu deyib.
Məhkəməyə gələn Xandan məhkəmə zalına adi şübhəlilər kimi getməsi istənilib.
Məhkəmə binası qarşısında toplaşan yüzlərlə Xan tərəfdarı Şərif hökumətinin əleyhinə şüarlar səsləndirib. Nümayişçilər Xanın Şərif hökumətinin siyasi qurbanı olduğunu bildirib. Xan məhkəməni tərk etdikdən sonra İslamabadın kənarındakı evinə gedib.