Pakistan polisi keçmiş Baş nazir İmran Xanın siyasi partiyasının yüksək səviyyəli liderini Seçkilərə Nəzarət orqanının rəhbərini və digər hökumət rəsmilərini təhdid etməkdə ittiham edərək, çərşənbə günü səhər saatlarında həbs edib.
Hökumətin açıq tənqidçisi olan Fəvad Çaudrinin həbsi onun vitse-prezident olduğu "Pakistan Tehrek-i-Insaf" partiyası üçün böyük uğursuzluqdur. Partiya həbsi dərhal pisləyib və onun azadlığa buraxılmasını tələb edib.
Həbsi qınayan İmran Xan Twitter səhifəsində Pakistanın "qanunun aliliyindən məhrum" bir yerə çevrildiyini yazıb. O, tərəfdarlarını ölkənin "geri dönüşü olmayan nöqtəyə" doğru sürüklənməsinin qarşısını almağa və "əsas hüquqlarımızı müdafiə etməyə" çağırıb.
Ailəsinin dediyinə görə, həbs şərqi Pəncab vilayətinin paytaxtı Lahorda, səhərə yaxın Çaudrinin evinə basqın zamanı baş verib. Xanın partiyasının sözçüsü Şirin Məzari deyib ki, Çaudri Lahorda polis tərəfindən birbaşa məhkəməyə qandallanaraq aparılıb.
Çaudrinin xanımı Hiba Fəvad jurnalistlərə təhlükəsizlik qüvvələrinin həyat yoldaşına qarşı kobud davrandığını, onu maşına itələyərək, apardıqlarını deyib.
"Kimisə həbs etmək istəyirsinizsə, riayət etməli olduğunuz prosedur var. On-on iki nəfərin evə girib kimisə saxlaması, ailəyə hara apardıqlarını demədən maşına atıb aparmaları düzgün deyil" Hiba Fəvad deyib.
Partiya tərəfindən daha sonra yayımlanan görüntülərdə polisin Çaudrini məhkəmə zalına apararkən məhkəmə toplaşan qarşısına toplanan tərəfdarlarının ona qızılgül ləçəkləri atdığını görmək olub.
Çaudrinin həbsindən qəzəblənən yüzlərlə tərəfdarı onun azad edilməsini tələb etmək üçün doğma Pəncab vilayətinin Cehlum şəhərinin əsas magistral yolunu bağlayıb.