Accessibility links

Pakistan Taliban hökumətini ərazisindəki "terror təşkilatlarına" qarşı qəti addımlar atmağa çağırır


Pakistan cümə axşamı Əfqanıstanın Taliban hökumətini ərazisindəki "terror təşkilatlarına" qarşı qəti addımlar atmağa və bu həftə Pakistanın hərbi bazasına ölümcül hücumu planlaşdırmaqda məsuliyyət daşıdıqları iddia edilən qaçaq liderləri təhvil verməyə çağırıb.

Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Bəluç İslamabaddakı həftəlik mətbuat konfransında "Biz Əfqanıstanın müvəqqəti hökumətinin dekabrın 12-də törədilmiş terror aktını araşdıracağına dair bəyanatını almışıq" deyib.

Çərşənbə axşamı Pakistanın ən ölümcül hadisələrindən biri, Dera İsmayıl Xan bölgəsində silahlı və intiharçı bomba hücumu 23 əsgərin ölümünə və çox sayda əsgərin yaralanmasına səbəb olub.

Təhlükəsizlik mənbələrinin məlumatlarında bir əfqan intiharçının hərbi düşərgənin bazasına hücum edən və Pakistanın təhlükəsizlik qüvvələri ilə qarşıdurma zamanı öldürülən altı silahlının arasında olduğu bildirilib.

Hücumun məsuliyyətini bu yaxınlarda ortaya çıxan "Təhrek-i-Cihad Pakistan" və ya "TJP" adlı militant bir qrup öz üzərinə götürüb. Bəluç "Təhrek-i-Cihad Pakistan"ın qlobal miqyasda terror qruplaşması kimi tanınan və Əfqanıstan ərazisindəki sığınacaqlardan Pakistan dövlətinə qarşı müharibə aparan "Tehrik-i-Taliban Pakistan"la "əlaqəsi olduğunu" deyib.

"Əfqanıstan bu iyrənc hücumun səbəbkarlarına qarşı sərt tədbirlər görməli və onları Əfqanıstandakı "Tehrik-i-Taliban Pakistan"ın başçıları ilə birlikdə Pakistana təhvil verməlidir. Biz həmçinin Əfqanıstanın Pakistana qarşı olan terror təşkilatlarının Əfqanıstan torpaqlarından istifadəsinin qarşısını almaq üçün konkret və təsdiqini tapan addımlar atmasını gözləyirik" - deyə, Bəluç bildirib.

Talibanın sözçüsü Zabiulla Mücahid çərşənbə günü Əfqanıstan dövlət televiziyasına müsahibəsində deyib ki, "əgər onlar [Pakistan] araşdırma tələb etsələr və təfərrüatları bizimlə bölüşsələr, biz bunu mütləq araşdıracağıq".

Bununla yanaşı, o, İslamabadın hücumun Əfqanıstanla əlaqəli olması ilə bağlı iddialarını əsassız adlandırıb.

Forum

XS
SM
MD
LG