Accessibility links

"Təhrik-i-Taliban Pakistan" militantları azı 8 polis əməkdaşını öldürüb


"Təhrik-i-Taliban Pakistan" üzvləri
"Təhrik-i-Taliban Pakistan" üzvləri

Pakistan hökuməti çərşənbə günü militantların vilayət polis qüvvələrini pusquya salaraq, azı 8 əməkdaşını öldürdüyünü bildirib.

Hücum səhər tezdən ölkənin şimal-qərbində, Əfqanıstanla həmsərhəd Hayber Paxtunxva vilayətinin Lakki Marvat bölgəsində həyata keçirilib.

Polis rəsmilərinin bildirdiyinə görə, polislər adi patrul xidməti həyata keçirərkən avtomobilləri motosikletdəki iki silahlı şəxs tərəfindən atəşinə tutularkən ölüb. Polis hücumçuların qaçmağa nail olduqlarını bildirib.

Vilayət rəsmiləri hücumu pisləyərək, bunun "qorxaqlıq aktı" olduğunu deyib və cinayətkarların ələ keçirilməsi üçün əməliyyat-axtarış tədbirlərinin davam etdirildiyini bildirib.

Baş nazir Şehbaz Şərif çərşənbə günü Twitter səhifəsində yayımladığı bəyanatda hücumu qınayıb. "Terrorizm Pakistanın əsas problemlərindən biri olmaqda davam edir" yazıb.

Ölümlə nəticələnən hücumun məsuliyyətini qeyri-qanuni ekstremist "Təhrik-i-Taliban Pakistan" (TTP) və ya "Pakistan Talibanı" adlnan qrup öz üzərinə götürüb. Qrup jurnalistlərə göndərdiyi açıqlamada bildirib ki, polis bölməsi TTP-yə qarşı reydə gedən zaman yolda pusquya salınıb.

ABŞ və Birləşmiş Millətlər Təşkilatı tərəfindən xarici terror təşkilatı siyahısına salınan "Təhrik-i-Taliban Pakistan" mütəmadi olaraq Pakistanın Hayber Paxtunxva və başqa bölgələrində təhlükəsizlik qüvvələrinə qarşı hücumlar həyata keçirir.

Silahlı qrup çərşənbə günü açıqladğı başqa bir bəyanatında ABŞ-ın pilotsuz uçuş aparatının endirdiyi zərbə və Pakistan təhlükəsizlik qüvvələrinin Dera İsmayıl Xan bölgəsində keçirdiyi reyd zamanı "Təhrik-i-Taliban Pakistan"ın üç komandirinin öldürüldüyünü iddia edib.

Müstəqil mənbələrdən dərhal təsdiqlənə bilməyən bu iddia vilayətin anti-terror orqanlarının bölgədə "kəşfiyyata əsaslanan əməliyyat zamanı dörd terrorçunun" öldürüldüyünü təsdiqləməsindən bir gün sonraya təsadüf edib.

"Təhrik-i-Taliban Pakistan" (TTP) Əfqanıstandakı hakim Talibanın Pakistan qolu və yaxın müttəfiqidir. Pakistan Talibanının mərkəzi liderləri və komandirləri qonşu ölkədə sığınır.

XS
SM
MD
LG