Accessibility links

Pakistanda terror hücumu olub


Bir qrup güclü silahlanmış intiharçı bu gün Pakistanın şimal-qərb bölgəsində Kənd Təsərrüfatı Tədqiqat Mərkəsinə və həmin binaya bitişik universitet yataqxanasına girərək, azı 9 nəfəri qətlə yetirib. 35-dən çox insan yaralanıb.

Pakistan polisi və Terrorizmə Qarşı Mübarizə Birliyinin əməkdaşları tez bir zamanda Pişəvərdəki kompleksi mühasirəyə alaraq, xilasetmə əməliyyatlarına başlayıb. Silahlılarla bir neçə saat çəkən atışma zamanı 3 militantın öldürüldüyü deyilir.

Vilayətin polis rəisi Səlahüddin Məsud müxbirlərə təhqiqatçıların hadisənin baş verdiyi yerdə aşkar edilən dördüncü cəsədin də hücumçu olub-olmadığını müəyyən etməyə çalışdıqlarını bildirib. O, polis və terrorla mübarizə dəstəsi əməkdaşları arasında da yaralananların olduğunu deyib.

Yaralananların çatdırıldığı xəstəxananın həkimlərinin dediyinə görə, xəsarət alanların çoxu tələbələrdir.

Polis rəisi hadisənin baş verdiyi yerdən kiçik çaplı silahlar və döyüş sursatı, eləcə də 20 ədəd əldəqayırma qumbara və 3 ədəd intiharçı gödəkçəsinin aşkar edildiyini bildirib.

Hücumun məsuliyyətini Pakistandakı Taliban qrupu öz üzərinə götürüb.

XS
SM
MD
LG