Qəzzanın Səhiyyə Nazirliyi çərşənbə axşamı bildirib ki, İsrailin Qəzza zolağının cənubundakı humanitar əraziyə endirdiyi raket zərbəsi nəticəsində azı 19 nəfər ölüb, 60 nəfər yaralanıb.
Nazirlik bildirib ki, xilasedicilər hələ də qum və dağıntılar altında qalan qurbanların bəzilərinə çata bilməyib.
Ölənlərin sayı daha əvvəl Mülki Müdafiə tərəfindən açıqlanan rəqəmdən azdır. Onlar 40 nəfərin öldüyünü bildirmişdi.
İsrail hərbçiləri HƏMAS-ı humanitar zonalarda fəaliyyət göstərməkdə günahlandıraraq, daha çox insan itkisi ilə bağlı məlumatı mübahisələndirib.
Hücum Xan Yunisin qərbində, İsrail və HƏMAS militant qruplaşması arasında münaqişədən qaçmaq üçün Qəzzanın digər bölgələrini tərk edən çox sayda fələstinlilərin yaşadığı Mavasidə baş verib.
İsrail hərbi qüvvələri bildirib ki, oktyabrda İsrailə qarşı müharibənin başlamasına səbəb olan hücumda bilavasitə iştirak edən bir neçə komandir də daxil olmaqla, bir sıra yüksək səviyyəli HƏMAS militantlarına zərbələr endirib.
HƏMAS bəyanatında döyüşçülərinin bölgədə olduğunu təkzib edib.
Müharibə HƏMAS-ın keçən il oktyabrın 7-də İsrailin cənubuna 1200-ə yaxın insanın ölümü və 250-yə yaxın insanın girov götürülməsi ilə nəticələnən gözlənilməz hücumundan sonra başlayıb. İsrailin cavab hücumu nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla, 40 min 900-dən çox fələstinli ölüb. İsrail ordusu isə ölənlər arasında minlərlə militantın olduğunu bildirir.
Birləşmiş Ştatlar, Qətər və Misir aylarla atəşkəs və girovların qaytarılması üçün vasitəçilik etməyə çalışsalar da, danışıqlar dəfələrlə uğursuzluqla nəticələnib.
Forum