Sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilir.
Təntənəli iclasda prezidenti İlham Əliyev nitq söyləyib.
Bu iclasda bir çox ölkələrin parlament sədrləri və sədr müavinləri iştirak edir.
1918-ci il mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk Azərbaycan hökumətini yaratmaq məqsədi ilə Zaqafqaziya Seyminin 44 nəfər müsəlman nümayəndəsi Tiflisdə toplanaraq Azərbaycanın idarə olunmasını öz üzərinə götürüb və Azərbaycan Milli Şurasını elan edib. Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Milli Şurasının sədri seçilib.
1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycanın istiqlaliyyəti haqqında bəyannaməni qəbul edib. 1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncəyə köçüb.
1918-ci il sentyabrın 15-də Bakı Qafqaz İslam Ordusu tərəfindən azad olunub. Sentyabrın 17-də Fətəlixan Xoyski hökuməti Gəncədən Bakıya köçüb.
1918-ci il iyunun 17-də Gəncədə öz fəaliyyətini dayandırmış Azərbaycan Milli Şurası həmin il noyabrın 16-da işini yenidən bərpa edib. Noyabrın 19-da Bakıda Milli Şuranın M.Ə.Rəsulzadənin sədrliyi ilə iclası keçirilib və qərara alınıb ki, Azərbaycan Milli Şurası Azərbaycan ərazisində yaşayan bütün millətləri təmsil etməlidir.
Beləliklə hər 24 min nəfərdən bir nümayəndə hesabı ilə müsəlmanlar 80, ermənilər 21, ruslar 10, almanlar 1, yəhudilər 1 nümayəndə olmaqla Azərbaycan Parlamentini 120 nəfərdən ibarət formalaşdırmaq qərara alınıb.
Azərbaycan Cümhuriyyəti Parlamentinin çağırılması ilə əlaqədar Azərbaycan Milli Şurası adından, onun sədri, M.Ə.Rəsulzadənin imzası ilə 1918-ci il noyabrın 29-da “Bütün Azərbaycan əhalisinə!” müraciətnaməsi dərc edilir.
1918-ci il dekabrın 7-də Bakıda indiki İstiqlaliyyət küçəsində yerləşən keçmiş qız məktəbinin binasında (hazırda bu binada Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyəti yerləşir-red) müsəlman şərqində ilk parlamentin birinci iclasının açılışı olub. Parlamenti açan Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə böyük təbrik nitqi söyləyib.
Ə.Topçubaşov Parlamentin sədri, Həsənbəy Ağayev sədrin birinci müavini seçilib.
Azərbaycan Parlamenti yarandığı ilk gündən öz işlərini demokratik cümhuriyyətlərə xas təşkilati prinsiplər əsasında qurub. İlk parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupunu 96 deputat təmsil edib.
Cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyətnin Parlamenti 145 iclas keçirib. İlk iclas 1918-ci il dekabrın 7-də, son iclas isə 1920-ci il aprelin 27-də olub.
Fəaliyyət müddətində Azərbaycan Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən yuxarı qanun layihəsi çıxarılıb, onlardan da 230-a yaxını təsdiq edilib. Parlamentdə 11 komissiya fəaliyyət göstərib.
1920-ci il 28 aprel işğalı ilə Azərbaycan müstəqil dövlət olmaq yolunda səylərini dayandırmış olub.
Azərbaycan 1991-ci il oktyabrın 18-də Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Ali Soveti səlahiyyətlərini öz üzvləri arasından seçdiyi 50 nəfərlik Milli Şuraya verib.
12 noyabr 1995-ci ildə Azərbaycanda birinci çağırış Milli Məclisə seçkilər keçirilib.