ABŞ hökuməti İslam Dövləti qrupunun saxta Suriya pasportları hazırladığına dair xəbərdarlıq verib. Həqiqi sənəddən seçilməyən pasportların ekstremistlərin Qərbə axınına dair qorxulara yol açıb.
ABŞ-ın Mühacirət və Gömrük İdarəsi İŞİD-in pasport çap edən maşınlara, boş passport kitabçaları və Suriya vətəndaşlarının kimliyinə dair məlumat bazasına çıxışı olduğunu bildirib.
CNN-nin yaydığı məlumata görə, ABŞ-ın hüquq-mühafizə orqanları İslam Dövlətinin bir neçə terror hücumundan sonra sərhəd təhlükəsizliyindən narahatdır.
ABC News bildirib ki, İŞİD-in nəzarətində olan şəhərlərdən qrupun saxta pasportları ilə insanların Amerikaya gəlmə təhlükəsi mövcuddur.
ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi rəsmilərin bu hədələri ciddi qəbul etdiyini və sənədlərin yoxlanışı üçün xüsusi təlimlər verildiyini bildirib.
Rəsmilər bu hədələri ciddi qəbul edir və sənədlərin yoxlanışı üçün xüsusi təlimlər verilir
ABŞ qanunvericilərinin bir çoxunu ekstremistlərin qaçqın adı altında Amerikaya giriş əldə edəcəkləri narahat edir. Onlar məhz buna görə Obama administrasiyasının 10 min Suriya qaçqının qəbulu planına etiraz edir.
Narahatlıqlara ötən ay Paris hücumunu həyata keçirənlərdən birinin Suriya qaçqını kimi Fransaya giriş əldə etməsi əsas verir.