Accessibility links

Pavel Xodorkovski:"Qərar siyasi xarakter daşıyır"


Mixail Xodorkovski (ortada) və Platon Lebedev (sağda) Moksvada məhkəmə zalında, 27 dekabr 2010
Mixail Xodorkovski (ortada) və Platon Lebedev (sağda) Moksvada məhkəmə zalında, 27 dekabr 2010

Beynəlxalq ictimaiyyət Rusiya məhkəməsinin Mixail Xodorkovski və onun biznes partnyoru Platon Lebedevin günahkar tanınması haqda qərarını tənqid edir

Moskva məhkəməsi YUKOS şirkətinin keçmiş rəhbəri Mixail Xodorkovski və onun biznes partnyoru Platon Lebedevi böyük məbləğdə pul mənimsəməkdə və çirkli pulların yuyulmasında müqəssir tanıyıb.

Mixail Xodorkovskinin oğlu Pavel Xodorkovski məhkəmənin qərarını siyasi adlandırıb. Amerikanın səsinin rus xidmətinə Skype vasitəsilə müsahibə verən Pavel Xodorkovskinin fikrincə, məhkəmənin məqsədi atasını 2012-ci il seçkilərinə qədər həbsdə saxlamaqdır. O hesab edir ki, qərar baş nazir Vladimir Putin tərəfindən verilib. “Dekabrın 16-da canlı efirdə danışarkən o öz mövqeyini aydın şəkildə bildirdi. Mənim fikrimcə, bu, təsadüfən edilməmişdi. Bu, məhkəməyə qərar qəbul etmək üçün göstəriş idi. Bu, o deməkdir ki, qeyd etdiyim kimi, məsələ ilə bağlı qərarı Putin verir. Bir də, Rusiyada hüquqi sistemin vəziyyətinin yaxşılaşacağına ümid yoxdur. Medvedevin dedikləri isə ölkədə baş verənləri ört-basdır etmək üçün gözəl fasaddır. Fikrimcə, baş verənlər onu göstərir ki, Medvedev bu məsələdə ikinci planda yer tutur, qərar vermir. Mənim atamın həbsdə olmasının Medvedev üçün bir əhəmiyyəti yoxdur. Ölkə prezidenti kimi bu, ona lazım deyil. Çünki o, Rusiyadan kənara çıxan kimi hamı onu bu iş davam etdiyinə görə tənqid etməyə başlayır. Mən bilirəm ki, bunun ona nə siyasi, nə də iqtisadi cəhətdən xeyri yoxdur. Amma Putin və onun ətrafında olanlar üçün bunun siyasi və iqtisadi xeyri aydındır.”

Pavel Xodorkovski atasının kiminləsə dəyişdirilərək, azadlığa buraxılmasının tərəfdarı olduğunu deyib. “Bilirsinizmi, mən atamın kimliyindən asılı olmayaraq dəyişdirilməsini alqışlayardım. Kim olursa-olsun, mənə fərqi yoxdur. Mənim üçün ən əsas odur ki, atam azad olsun. Hələ ki, mən atamın kiminləsə dəyişdirilə biləcəyini görmürəm. Amma atamın hər hansı bir yolla azad edilməsini alqışlayardım. Yəqin ki, atam bununla bağlı başqa fikirdədir. Mən isə oğlu kimi onun azadlığa çıxmasını istəyirəm, hətta onu bir casus, ya da silah alverçisinə dəyişdirsələr də, istəyirəm o, azad olsun.”

Pavel Xodorkovski atasının güclü bir şəxs olduğunu və məhkəmə prosesinin onu sarsıtmadığını bildirir. ”Mən məhkəmənin qərarı oxunan zaman zalda olan jurnalistlərdən biri il danışdım. O dedi ki, atam çox təmkinli görünürdü. Elə bil ki, o hadisələrin belə inkişafına hazır idi. Mən də bilirəm ki, o buna hazır idi, amma onun bu xəbərlərdən sarsılmadığını zahirən də göstərdiyini eşitmək çox mühümdür. Həm onun özü üçün, həm də ailəmiz üçün çox vacibdir. Bu yeddi ildə mənim atamı sındıra bilməyiblər və mən firkiləşmirəm ki, sındıra bilərlər.”

Pavel Xodorkovski deyir ki, atasının azadlığa buraxılması üçün aksiyalar keçirməyə davam edəcək. “Beynəlxalq İnsan Haqları məhməkəməsi atamın işinə baxır. Amma bu, birinci proseslə bağlıdır. Bizim indi bir instansiyamız da var. Atamın ikinci prosesi gedir. Vəkillərin mənə dediklərinə əsasən, biz bundan sonra Avropa Məhkəməsinə müraciət edə bilərik. Bunu mütləq edəcəyik. Biz ədalətin bərqərar olması üçün həm ölkə daxilində, həm də Avropa Məhkəməsində hər şeyi edəcəyik. Yeganə ümidim onadır ki, bu dəfə cəza müddəti çox az olacaq. Çünki vəkillərin mənə başa saldığına görə müddətin hesablanması 2003-cü ildən başlayır. Çoxları deyir ki, onu 2012-ci ilə qədər və bundan sonra da həbsxanada saxlamaq üçün, prezident seçkisinə qədər onu çıxarmamaq üçün bu cəza müddəti 10 ilə qədər ola bilər. Bunda məntiq var, amma mən inanıram ki, müddət bundan az olacaq və mən atamı gələn il azadlıqda görə biləcəm.”

Pavel Xodorkovski beynəlxalq ictimaiyyətin diqqətini məsələyə yönəltməyin vacibliyini vurğulayır və mətbuatı məlumatlandırmağa davam edəcəyini bildirir. “Mən mətbuatla mümkün qədər çox əlaqə saxlayıram, çünki, bu işin daim diqqət mərkəzində olmasını istəyirəm. Əgər məsələyə diqqət azalsa, bu, atam və ailəmiz üçün böyük zərbə olardı. Mən işin mətbuatda işıqlandırılması üçün əlimdən gələn hər şeyi edəcəm. Tayms meydanında (Nyu York) aksiyaya gəldikdə isə bu, məsələyə ABŞ ictimaiyyətinin diqqətini yönəltmək məqsədi daşıyır. Çünki burada adi insanların məsələnin Rusiya və Amerika arasında münasibətlər üçün nə qədər əhəmiyyətli olmasını başa düşməsi çox vacibdir. Əgər Rusiya öz vətəndaşlarının hüquqlarına hörmət etmirsə, onun beynəlxalq hüquqlara hörmət etməsini gözləmək çətindir. İndi atamın veb saytında (khodorkovsky.ru) onun azad edilməsi xahişi ilə imza toplama aksiyası keçiririk. Əgər hadisələr daha pis istiqamətdə getsə, mən Nyu York və bəlkə Vaşinqtonda daha artıq aksiya keçirməyi düşünürəm. “

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG