Accessibility links

İsrailin müharibə kabineti Parisdəki sülh danışıqlarını müzakirə etmək üçün iclas keçirir


İsrail nümayəndələri Qəzzada atəşkəs və HƏMAS tərəfindən saxlanılan 130-a yaxın girovun azad edilməsi ilə bağlı Fransanın paytaxtında keçirilən danışıqlardan qayıtdıqdan sonra İsrailin müharibə kabineti Parisdə aparılan sülh danışıqlarını müzakirə etmək üçün şənbə günü bir araya gəlib.

İsrailin nümayəndə heyəti cümə günü Parisdə noyabr ayında fələstinli məhbusların azad edilməsi müqabilində HƏMAS tərəfindən saxlanılan çox sayda əsirin azad edilməsi ilə nəticələnən atəşkəsi əldə etməyə kömək edən qətərli, misirli və amerikalı vasitəçilərlə görüşüb.

İsrailin milli təhlükəsizlik üzrə müşaviri Tzaçi Haneqbi müharibə kabinetinin iclasından əvvəl onun Qəzza zolağındakı münaqişə ilə bağlı danışıqlara dair son məlumatı dinləyəcəyini bildirib.

AFP xəbər verir ki, Haneqbi N12 News televiziyasına müsahibəsində “Mümkündür ki, razılaşmaya doğru irəliləməyə dair ehtimal var,” deyib.

İsrail, qadınlar başda olmaqla, oktyabrın 7-də baş verən hücumlarda ələ keçirilən bütün girovların azad edilməsini istəyir, ancaq Haneqbi əlavə edib ki, “bu razılaşma müharibənin sonu demək deyil.”

O həmçinin bildirib ki, İsrail Birləşmiş Ştatlar və Səudiyyə Ərəbistanı arasında Fələstin dövlətinə dair hər hansı razılığı qəbul etməyəcək.

Media xəbərlərində planla tanış olan fələstinli nümayəndələrin onu rədd etdiyi bildirilib. Planın bəzi hissələri həm də Vaşinqtonun region üçün nəzərdə tutduğu, yəni müstəqil Fələstin dövlətini əhatə edən “iki dövlətli” həll yoluna ziddir.

Minlərlə insan şənbə günü Təl-Əvivdə girovlar üçün sakit aksiya keçirib. Aksiya polisin asayişi pozduqlarına görə beş nəfərin həbs edildiyini bildirdiyi hökumət əleyhinə etiraz aksiyasından bir qədər aralıda keçirilb.

HƏMAS daha öncə bildirib ki, İsrail minlərlə fələstinli məhbusu azad edərsə və, anklavdakı səhiyyə rəsmilərinin 30 minə yaxın insanın ölümünə səbəb olduğunu bildirdiyi Qəzzaya hücumunu dayandırarsa, qalan 130 girovu azad edəcək.

İsrail ordusu şənbə günü bildirib ki, döyüşlərdə bir piyada mayorunun ölümü ilə Qəzzada döyüşlərdə itkilərin sayı 239-a çatdırıb. İsrail 12 000-ə yaxın HƏMAS döyüşçüsünü öldürdüyünü və faktiki olaraq Qəzza qarnizonlarını yarıya endirdiyini bildirib.

HƏMAS bu rəqəmlərin həddən artıq şişirdildiyini deyir.

İsrailin Baş naziri Benyamin Netanyahu açıqlamasında bildirib ki, şənbə günü keçirilən müharibə kabinetinin iclasında "danışıqlardakı növbəti addımlar" müzakirə ediləcək. O həmçinin İsrailin Qəzzanın cənubundakı Rəfaha qoşun göndərmək niyyətini bir daha təsdiqləyib, baxmayaraq ki, İsrailin hücumunun bombardmanlardan qaçmaq üçün ora qaçan yüz minlərlə dinc sakinə təsiri ilə bağlı geniş narahatlıqlar mövcuddur.

Vaşinqton müttəfiqini bunu etməməyə çağırıb və xəbərdarlıq edib ki, bu cür hücum mülki vətəndaşlar arasında tələfatlara gətirib çıxaracaq.

AFP-nin Rəfahdakı müxbirinin verdiyi məlumata görə, şənbə günü axşam şəhərə ən azı altı hava zərbəsi endirilib.

İsrail qüvvələri cümə günündən bəri Qəzzanın müxtəlif hissələrinə, o cümlədən Deir əl-Bala, Xan Yunis və Rəfaha 70-dən çox zərbə endirib. Qəzzada HƏMAS-ın idarə etdiyi səhiyyə nazirliyi şənbə günü bildirib ki zərbələr nəticəsində ən azı 92 nəfər ölüb. Məlumata görə, oktyabrın 7-də başlayan münaqişə nəticəsində 69 737 nəfər xəsarət alıb.

Forum

XS
SM
MD
LG