ABŞ-ın vitse prezidenti Mayk Pens Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ilə görüşdə deyib ki, ABŞ Rusiya təcavüzünə qarşı Gürcüstanla birgə iş aparacaq və ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpasına dinc yolla nail olmağa çalışacaq.
“Birləşmiş Ştatlar Gürcüstanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyir və prezident Donald Trampın hakimiyyəti altında Amerika Birləşmiş Ştatları bu davamlı prinsipi pozan hər hansı bir ölkə tərəfindən hər hansı iddianı rədd edəcək”, deyə Pens bildirib.
Rusiyanın 2008-ci ildə Gürcüstana hərbi müdaxiləsindən sonra Moskva Cənubi Osetiya və Abxaziya regionlarını müstəqil dövlət kimi tanıyıb. Bir neçə başqa ölkə də onların müstəqilliyini tanısa da, bu regionlar dünya ölkələrinin əksəriyyəti tərəfindən müstəqil subyekt kimi tanınmayıb.
Birləşmiş Ştatlar Gürcüstanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyir.Mayk Pens
Tbilisiyə səfəri zamanı mətbuat konfransında açıqlama verən Mayk Pens deyib ki, prezident Donald Trampın Rusiyaya qarşı sanksyalara dair yaxın zamanlarda imzalayacağı qanun layihəsi Moskvaya Ukraynada hərəkətləri və İran və Suriyaya dəstəyi ilə əlaqədar mövqeyini dəyişməli olduğuna dair aydın mesaj olacaq.
Konqres Rusiyanın 2016-cı il ABŞ president seçkilərinə müdaxiləsi ilə bağlı sanksiyalara dair qanun layihəsini böyük səs çoxluıu ilə keçən həftə qəbul edib.
ABŞ-ın vitse prezidenti Gürcüstana Estoniyadan sonra səfər edib. Estoniya paytaxtı Tallində Baltikyanı ölkələrin prezidentləri ilə görüşdən sonra danışan Pens bildirib ki, bu ölkələr üçün Rusiya təcavüzündən böyük təhlükə ola bilməz. Pens ABŞ-ın NATO üzrə müttəfiqləri olan Estoniya, Latviya və Litvaya dəstək bildirib.
Mayk Pensin səfərinin əsas məqsədi Birləşmiş Ştatların regionda müttəfiqlərinə dəstək bildirməsindən ibarətdir.