Accessibility links

Amnesty İnternational jurnalistə işgəncə faktının araşdırılmasını istəyir


Jurnalist Pərviz Həşimli məhkəməyə gətirilərkən (Foto musavat.com saytınındır)
Jurnalist Pərviz Həşimli məhkəməyə gətirilərkən (Foto musavat.com saytınındır)

Təşkilat Pərviz Həşimliyə işgəncə verilməsi ilə bağlı Milli Təhlükəsizlik Nazirliyi, baş prokuror və ombudsmana müraciət edib

“Amnesty International” hüquq-müdafiə təşkilatı jurnalist Pərviz Həşimliyə işgəncə verilməsi ilə bağlı Milli Təhlükəsizlik Nazirliyi (MTN), baş prokuror və ombudsmana müraciət göndərib.

Müraciətdə MTN-in təcridxanasında Pərviz Həşimliyə işgəncələrin verilməsi ilə bağlı jurnalistin müraciətlərinə Səbayel Rayon Məhkəməsində məhəl qoyulmamasından narahatlıq ifadə olunub. Həmçinin onun başqa təcridxanaya köçürülməsi barədə müraciətinə baxılmır.

“Amnesty International” məhkəmədə çıxış üçün mətnin P.Həşimlidən və onun vəkilindən alındığını qeyd edir. P.Həşimli öz vəkilinə bildirib ki, MTN-də dindirmə zamanı onunla amansız rəftar ediblər. Əsasən gözləri bağlı halda dindirilib, həkim çağırmaq barədə xahişi yerinə yetirilməyib.

“Amnesty International” həmçinin xatırladır ki, P.Həşimlini məhkəmə iclaslarına maskalı adamlar aparır. Qeyd olunur ki, İşgəncələr Əleyhinə Komitə bunu yolverilməz hesab edir. BMT-nin işgəncələr üzrə xüsusi məruzəçisi və BMT-nin İşgəncələr Əleyhinə Komitəsi bu praktikanın qadağan olunmasına çağırıb.

Müraciətdə Həşimliyə qarşı amansız rəftarla bağlı məlumatların dərhal və effektiv araşdırılmasına çağırılır. Həmçinin onun maskalı adamlarla müşayiət olunmasına, gözləri bağlı dindirilməsinə son qoyulmasına çağırış səslənir. Eyni zamanda vəzifəli şəxslər də daxil olmaqla günahkar şəxslərin məsuliyyətə cəlb olunmasına çağırılır.
MTN İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev P.Həşimliyə işğəncələrin verilməsi barədə bəyanatları təkzib edib.

“Pərviz Həşimlinin həbsi KİV-in bəyan etdiyi kimi onun jurnalist fəaliyyəti ilə əlaqədar deyil. Cinayət faktı var və bununla bağlı əməliyyat-istintaq hərəkətləri aparılır”, Babayev Turan agentliyinə bildirib.

A.Babayev qeyd edib ki, MTN təcridxanasında bir dəfə belə işgəncə faktı olmayıb. İnsan hüquqları üzrə müvəkkil, ombudsman aparatının əməkdaşları və hüquq müdafiəçiləri burada müntəzəm olaraq monitorinq keçirirlər.

“İşgəncələr barədə fikirlər obyektiv deyil, faktlara əsaslanmır və istintaqa təzyiq üçün belə bəyanatlar verilir”, A.Babayev vurğulayıb. O qeyd edib ki, istintaq qanun çərçivəsində aparılır.

“Moderator.az” saytının rəhbəri və “Bizim yol” qəzetinin əməkdaşı Pərviz Həşimli sentyabrın 17-də həbs edilib. O, qaçaqmalçılıq və qanunsuz silah saxlamaqda ittiham olunur. P.Həşimli həmçinin Siyasi və Mülki Hüquqların Müdafiə Mərkəzinin rəhbəri, Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin üzvüdür.
XS
SM
MD
LG