Accessibility links

Azerspace-1 telekommunikasiya peyki Azərbaycana təhvil verilib


Azərbaycan peyki
Azərbaycan peyki

Azərbaycanın “Azerspace-1” telekommunikasiya peyki bu il fevralın 7-də orbitə buraxılıb

Azərbaycanın Azerspace-1 ilk telekommunikasiya peykinin orbitdəki bütün sınaq prosesləri uğurla başa çatdıqdan sonra aprelin 2-dən etibarən idarəetmə peykin istehsalçısı olan ABŞ-ın Orbital Sciences şirkəti tərəfindən tamamilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərkosmos ASC-yə təhvil verilib. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi məlumat yayıb.

Azərbaycan mütəxəssislərinə təhvilvermə əməliyyatları martın 15-dən başlayıb və aprelin 2-də başa çatıb.

Peyk kommersiya fəaliyyətinə başlamaq üçün artıq tam hazır vəziyyətdədir.
Hazırda Azərkosmos mütəxəssisləri Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzindən peyki idarə edirlər və lazımi əməliyyatlar aparırlar. Peyk həmçinin Naxçıvan Muxtar Respublikasında yerləşən Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzindən də izlənilə bilir.

Azərbaycanın ilk peyki olan “Azerspace-1” telekommunikasiya peyki 7 fevral 2013-cü ildə Fransız Qvianasında (Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan ada) yerləşən Kuru kosmodromundan, Qviana Kosmik Mərkəzindən orbitə buraxılıb.
XS
SM
MD
LG