Accessibility links

Pfizer COVID-19-un omikron variantına qarşı xüsusi peyvəndin sınağına başlayıb


ABŞ-da yerləşən nəhəng əczaçılıq şirkəti olan Pfizer və onun alman tərəfdaşı BioNTech çərşənbə axşamı koronavirusun Omikron variantından qorunmaq üçün xüsusi olaraq hazırlanan COVID-19 peyvəndinin yeni versiyasının klinik sınaqlarına başladıqlarını elan edib.

Şirkətlər birgə bəyanatda bildiriblər ki, yeni peyvənd həm əsas, həm də gücləndirici doza kimi 18-55 yaş arası 1400-dən çox sağlam yetkin könüllü üzərində sınaqdan keçiriləcək.

Tədqiqatçılar könüllüləri üç qrupa ayıracaqlar. Hazırkı peyvəndin ilkin iki dozasını vurdurmuş birinci qrup yeni xüsusi olaraq omikrona qarşı hazırlanmış vaksinin bir və ya iki dozasını qəbul edəcək. İlk iki doza üstəgəl orijinal peyəndin gücləndirici dozasını qəbul etmiş könüllülərin ikinci qrupu ya hazırkı, ya da yenidən işlənmiş versiyanın bir dozasını alacaq, üçüncü qrup isə peyvənd olunmamış yetkinlərdən ibarət olacaq və onlara xüsusi olaraq omikrona qarşı hazırlanmış vaksinin üç dozası tətbiq olunacaq.

Pfizer-in xüsusi olaraq Omikron üçün hazırlanan peyvəndinin klinik sınaqları orijinal peyvəndin üçüncü dozası nəticəsində yaranan anticismlərin son dozadan dörd ay sonra hələ də güclü qorunma təmin etdiyini təklif edən yeni bir araşdırmanın açıqlanması fonunda baş verir. Pfizer və BioNTech şirkətlərinin alimləri ilə birlikdə Texas Universitetinin Tibb bölməsinin alimləri tərəfindən aparılan laboratoriya tədqiqatının bir hissəsi olan araşdırmalar şənbə günü onlayn olaraq yerləşdirilib və rəsmi olaraq elmi jurnalda nəzərdən keçirilməyib və dərc olunmayıb.

Bununla əlaqədar olaraq, ABŞ-ın Ərzaq və Dərman İdarəsi (FDA) bazar ertəsi elan edib ki, omikrona qarşı təsirsiz olduqları üçün iki koronavirus qarşı anticismlərlə müalicə növünün istifadəsini dayandırır. Federal dərman tənzimləmə agentliyi dərman istehsalçıları Regeneron və Eli Lilly tərəfindən hazırlanmış müalicələrlə əlaqədar verilən təcili istifadə icazəsini məhdudlaşdırdığını bildirib.

XS
SM
MD
LG