Accessibility links

ABŞ ordusu bildirir ki, Qəzzaya yardım üçün nəzərdə tutulan estakada hazırdır


ABŞ ordusu bildirir ki, müvəqqəti estakada artıq Qəzza sahilində lövbər salıb. Bu, İsrail-HƏMAS müharibəsinin təsirinə məruz qalan 2 milyon qəzzalıya yardım çatdırmaq üçün inşa edilən dəniz yolunun tamamlanmasındakı son addımdır.

“Bu səhər, bir neçə saat öncə estakada uğurla Qəzzada sahilə quraşdırılıb. Biz növbəti günlərdə yardımın çatdırılmasına start verəcəyik, ” ABŞ-ın vitse-admiralı Brad Kuper cümə axşamı müxbirlərə deyib.

Kuper bildirib ki, gəmilərə təxminən 500 ton humanitar yardım yüklənib və əlavə minlərlə ton yardım hazır vəziyyətdə gözləyir.

“Bizim diqqətimiz zonaya humanitar yardım axını etməyə yönəlib ki, bu…quru yollarla yardımın göstərilməsinə əlavədir, çünki biz onun lazımi yardım həcmini çatdırmaq üçün ən səmərəli və təsirli yolu olduğunu bilirik,” o deyib.

Yeni dəniz dəhlizi bir neçə hissədən ibarətdir. Birinci, yardım Kiprdə təftiş və təhlükəsizlik yoxlanışından keçir. Daha sonra yüklər Qəzza sahili yaxınlığında ABŞ-ın inşa etdiyi üzən platformaya yerləşdirilir və oradan yük maşınlarına yüklənir. Bunun ardınca isə kiçik bərələr yük maşınlarını Qəzza sahilindən bir neçə yüz metr aralıda yerləşdirilən yeni estakadaya aparır.

Paylanma

Hər bərə sahilə 5 ilə 15 arasında yük maşını apara bilir. ABŞ rəsmilərinin dediyinə görə, estakada tam işlək vəziyyətdə olduqdan sonra hər gün Qəzzanı təxminən 150 yük maşını yardımla təmin edə biləcək.

Yükləri BMT qəbul edəcək və onların yerdə qəzzalılara paylanmasını əlaqələndirəcək.

Bu proses fələstinli mülki vətəndaşlar üçün ərzaq, dərman və digər ləvazimatları artırmaq səylərinin bir hissəsidir ki, yardım təşkilatlarının dediyinə görə, bu, kifayət deyil.

“Amerikan dəhliz sığınacaq, qida, sağlamlıq, qeyri-kafi qidalanma və təmiz su ehtiyaclarını qarşılamaq zərurətindəki bu boşluğu doldurmağa kömək etmək üçün tamamilə vacibdir,” USAID-nin Humanitar Yardım Bürosunun administrator yardımçısı Sonali Korde deyib.

Bəzi yardım qrupları dəniz dəhlizinin ən yaxşı həll yolu olmadığını deyərək, yardım axınının quru keçidlər vasitəsilə artırılmasının daha effektiv olacağını iddia edir.

“Biz sadəcə olaraq bütün yollarla daha çox yardım əldə etmək üzərində işləməyə davam etməliyik,” Korde deyib. “

Yük maşınlarının uzun müddət İsrailin yoxlama məntəqələrində gözləməsi səbəbindən Qəzzaya yardımlar ləngiyir. Birləşmiş Ştatlar və başqa ölkələr son aylarda Qəzzaya 38 dəfə havadan yardım atıblar. Amma ABŞ rəsmisi Amerikanın Səsinə bildirib ki, ordunun havadan atdığı hər bir yardım yalnız 1-3 yük maşını ilə dolu yardıma bərabərdir.

Yardım təşkilatları bildirib ki, Qəzzada hər gün bir neçə yüz yük maşını ilə dolu ərzağa ehtiayc var.

Estakadanın tamamlanması dənizdə sərt hava şəraiti şəbəbilə ləngiyib.

Forum

XS
SM
MD
LG