ABŞ Tehran rejiminin İranda nümayişçilərə qarşı zorakılıqların məsuliyyətini daşıyanlara qarşı sanksiyalar tətbiq edib. ABŞ dövlət katibinin İraq və İran üzrə müavin yardımçısı Andryu Pik Amerikanın Səsinin ABŞ-ın İran xalqına dəstəyinə dair suallarını cavablandırıb:
Sual: İrandakı nümayişlərin Vaşinqtonun İranla bağlı siyasətinə nə kimi təsiri ola bilər? ABŞ-ın növbəti addımı nə ola bilər?
Pik: "Etirazlar ABŞ-ın uzun zamandır söylədiklərinin təzahürüdür. İran hökumətinin ən böyük qurbanı xalqıdır. Olayları yaxından izləyirik. İran xalqına dəstək verməkdə davam edəcəyik. Biz İran hökumətini xalqın dinc nümayişlər keçirməsi üçün insan haqlarının müdafiəsinə, məlumat almaq hüququna ehtiram göstərməyə və dinc nümayişçilərə qarşı zor tətbiq etməməyə çağırırıq. Düşünürük ki, ən adi insan haqlarına riayət edilməlidir".
Sual: ABŞ-ın gələcək planları nədir?
Pik: "Biz beynəlxalq tərəfdaşlarımızla müzakirələr keçirib, onları İranda baş verənlərə diqqət yetirməyə çağıracağıq. Bu, 2009-cu ilin nümayişlərindən fərqli olaraq, başqa bir yanaşma tərzi olacaq. Biz İran xalqına əyani və sözlə dəstəyimizi davam etdirəcək, onların iztirabına göz yummadan onların ən adi insan haqlarını müdafiə edəcəyik."
Sual: Dövlət katibi Reks Tillerson nümayişlər baş qaldırdıqdan sonra regiondakı tərəfdaşları ilə danışıqlar keçiribmi?
Pik: "Biz əsasən Avropa İttifaqı olmaqla tərəfdaşlarımızla yüksək səviyyəli təmas halındayıq. Biz İran xalqına beynəlxalq koalisiya dəstəyi toplamağa çalışırıq."
Sual: Prezident Tramp İranda nümayişçilərə dəstək verdiyini bildirib. ABŞ iranlıların Amerikaya səyahətinə tətbiq etdiyi məhdudiyyətlərin aradan qaldırılması çağırışlarına nə cavab verə bilər?
Pik: "Prezident İran xalqını dəstəklədiyini açıq şəkildə bəyan edib. Bizim hamımız eyni mövqedəyik. Səyasət qadağası Daxili Təhlükəsizlik Nazirlyinin hədəfində olan insanları nəzərdə tutur. Düşünürəm ki, ABŞ təhlükələri nəzərdən keçirəcək və bu, gələcəkdə atılacaq addımları müəyyən edəcək."