Accessibility links

MTN Qaraçuxurda məscidi yandıran PKK tərəfdarlarını həbs edib


MTN
MTN

MTN-nınməlumatına görə Namiq Nəsibov Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərovla birgə PKK terror təşkilatının Azərbaycanda qanadı olaraq qeyri-rəsmi “Yekbun” təşkilatını yaradıb” -

Milli Təhlükəsizlik Nazirliyi (MTN) Qaraçuxur məscidinin yandırılması ilə bağlı məlumat yayıb.

MilliTəhlükəsizlikNazirliyinin (MTN) İctimai Əlaqələr Mərkəzinin yaydığı məlumata faktla bağlı Bakı şəhəri Suraxanı rayon polis idarəsinin istintaq şöbəsi tərəfindən AR Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə cinayət işi başlanılmış və ibtidai istintaqın sonrakı gedişatı zamanı baş vermiş cinayət hadisəsində terrorçuluq əlamətləri müəyyən edildiyindən istintaqın davam etdirilməsi Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinə həvalə olunub.

Qaraçuxur məscidi
Qaraçuxur məscidi

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş anti-terror tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Nəsibov Namiq və Ələkbərov Elnur saxlanılıb.

Namiq Nəsibovun üzərindən «Makarov» tipli tapança və 8 ədəd 9 mm çaplı patron, Elnur Ələkbərovun isə üzərindən «Smit-Vesson» markalı revolver aşkar edilərək götürülüb.

Müəyyən edilib ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında “PKK” terrorçu təşkilatının nəzarətində olan Suriya Ərəb Respublikasının ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak etmişdir. Namiq Nəsibov Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərov ilə birgə “PKK” terrorçu təşkilatının Azərbaycanda qanadı olaraq qeyri-rəsmi “Yekbun” təşkilatını yaratmış və ətraflarına tərəfdarlar toplamaq işinə başlamışlar.

Məlumata görə Namiq Nəsibov və Elnur Ələkbərov İnternetdə sosial şəbəkələr vasitəsi ilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da ediblər.

Bundan başqa, Namiq Nəsibov və Elnur Ələkbərov qabaqcadan əlbir olan bir qrup şəxs halında İslam dininin «əhli-sünnə» təriqətinə mənsub və dini baxışlarına görə radikal saydıqları şəxslərə qarşı olan nifrətlərini nümayişkaranə şəkildə ifadə etmək, onların arasında qorxu və vahimə yaratmaq məqsədilə, bu cür qəbul etdikləri şəxslərin kütləvi toplaşdığı yerlərdə terrorçuluq aksiyasının törədilməsini planlaşdırıblar.

Onlar bu ili noyabrın 25-də axşam saatlarında bir neçə taksi dəyişməklə Qaraçuxur qəsəbəsinə gəlib, buradakı «Cümə» məscidində yanğın törətmək məqsədilə ərazidə yerləşən müxtəlif yanacaq doldurma məntəqələrindən 10 litr benzin almış və həmin oddan təhlükəli mayeni əvvəlcədən əldə etdikləri şüşə butulkalara dolduraraq yandırıcı və partlayıcı vasitə hazırlayıblar.

Bundan sonra Namiq Nəsibov və Elnur Ələkbərov noyabrın 26-da saat təxminən 02:04 radələrində həmin məscidin arxa və ön tərəfdə olan qapılarını sındırmış və yandırıcı maye ilə dolu şüşə butulkalarının fitillərini alışdıraraq içəriyə atmaqla orada yanğın törətmiş və cinayət yerindən qaçıblar.

Bununla da onlar AR Cinayət Məcəlləsinin 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyəti orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

XS
SM
MD
LG