Polşa inşaat işçiləri çərşənbə axşamı Belarusdan miqrantların Aİ-yə daxil olmasının qarşısını almaq üçün Belarusla sərhəddə 353 milyon avro dəyərində hasar tikməyə başlayıblar.
Hündürlüyü 5,5 m, uzunluğu 186 km olan hasarın tikintisi iyun ayında başa çatdırılmalıdır.
"Planlaşdırıldığı kimi, podratçılar çərşənbə axşamı tikinti sahələrində işə başlayıblar" – deyə, Polşa sərhədçinin sözçüsü Kristina Yakimik-Yaroş bildirib.
O, "təhlükəsizlik baxımından" tikinti sahələrinin dəqiq yerini açıqlamaqdan imtina edib.
“Belarus xidmətləri miqrantları bu yerlərə göndərmək üçün sadəcə bunu gözləyir” – deyə, Yakimik-Yaroş AFP-yə müsahibəsində bildirib.
O, 407 milyon dollarlıq hasarın kameralar və hərəkət sensorları ilə təchiz ediləcəyini qeyd edib.
Tikinti insan hüquqlarının pozulması və əsasən meşəlik sərhəd boyunca tikintinin ətraf mühitə təsiri ilə bağlı narahatlıqların artmasına səbəb olub.
"Ətraf mühitə və heyvanlara dəyən zərəri minimuma endirmək üçün əlimizdən gələni edəcəyik" – deyə, Yakimik-Yaroş vurğulayıb.
Ötən il əksəriyyəti Yaxın Şərqdən olan minlərlə miqrant Belarus-Polşa sərhədini keçib və ya keçməyə cəhd edib.
Qərb Belarus rejimini miqrant axınına görə günahlandıraraq, Minskin əslində potensial miqrantları Belarusa uçmağa təşviq edib, Avropa İttifaqına piyada “asan” səyahət vəd etdiyini bildirib.
Polşa miqrasiya böhranını Belarus və Minskin əsas müttəfiqi olan Rusiyanın Aİ-yə qarşı “hibrid” hücumu adlandırıb.
Belarus hakimiyyəti Polşanı miqrantlara qarşı qeyri-insani rəftarda ittiham edərək bu iddiaları rədd edib.
O vaxtdan bəri minlərlə miqrant Belarusdan qaçqınların əsas etibarilə gəldiyi ölkə olan İraqa geri qaytarılıb.
Keçən il böhranın ən pik vaxtında Polşa sərhəd patrullarını gücləndirmək üçün sərhədə minlərlə əsgər və polis göndərmişdi.
Sərhədin böyük hissəsi boyunca tikanlı məftilli hasar da çəkilmiş, sərhəd bölgəsi media və insan haqları qrupları üçün bağlanmış və miqrantların Belarusa məcburi qayıtmasına icazə verən yeni qanun təsdiq edilmişdi.
O vaxtdan bəri miqratnlar tərəfindən keçidlərin sayı kəskin şəkildə azalsa da, bəziləri soyuqlara baxmayaraq hələ də sərhədi keçməyə çalışırlar.
Polşa sərhədçiləri çərşənbə axşamı Twitter-də bildiriblər ki, son 24 saat ərzində 17 miqrant sərhədi keçib.
Sərhədçilər bildiriblər ki, 14 nəfər - 11 iranlı, iki livanlı və bir suriyalı "tikanlı məftilləri kəsərək Polşaya keçiblər".
Sərhədçilərin bildirdiyinə görə, bu şəxslər sərhədin digər hissəsini keçən üç Qana vətəndaşının da olduğu başqa qrupla birlikdə saxlanılıb.