Accessibility links

Polşa və Rumıniyanın baş nazirləri Aİ-dən Ukrayna taxılının ixracına nəzarət mexanizmləri tətbiq etməsini istəyir

Polşa və Rumıniyanın baş nazirlərinin çərşənbə axşamı bildirdiyinə görə, iki ölkə yerli fermerlərin ucuz idxaldan zərər çəkməməsi üçün Ukrayna taxılının ixracı mexanizmləri ilə bağlı Avropa Komissiyası ilə danışıqlar aparır.

Dünyanın ən böyük taxıl ixracatçılarından biri olan Ukrayna Rusiyanın bir ildən artıq davam edən müdaxiləsindən bəri Qara dəniz limanlarının bağlı olması səbəbindən Avropa İttifaqı dövlətləri olan Polşa və Rumıniya vasitəsilə alternativ gəmiçilik marşrutlarından istifadə etmək məcburiyyətində qalıb.

Lakin normal nəqliyyat axınında ləngimə Avropa İttifaqında istehsal olunandan daha ucuz olan böyük həcmdə Ukrayna taxılının Mərkəzi Avropa ölkələrində qalaraq, yerli fermerlərin satışları və qiymətlərinə zərər verməsi deməkdir.

Rumıniya və Polşanın baş nazirləri Nikolaye Çuka və Mateuş Moravetski Buxarestdə keçirilən biznes-konfransda hökumətlərinin Avropa İttifaqı ilə həll yolları üzərində işlədiklərini bildirib.

"Birlikdə biz Avropa Komissiyası ilə Ukrayna ixracatı və son istiqamətlərin izlənilməsini təmin edən mexanizmlərin müzakirəsi prosesində iştirak edirik," Çuka bildirib.

Moravetski deyib ki, onlar "taxılın ölkələrimizdən çıxarılması, eləcə də təkcə Ukrayna və Mərkəzi Avropanın strateji maraqlarına deyil, eyni zamanda Polşa və Rumıniyanın iqtisadi maraqlara uyğun olan ticarət siyasətinin həyata keçirilməsində Avropa İttifaqının bizə effektiv yardım etməsi üçün birlikdə çalışırıq".

Bu ayın əvvəlində Rumıniyanın kənd təsərrüfatı naziri Pitre Daea deyib ki, Avropa Komissiyasının hesablamalarına görə, Polşa, Rumıniya, Macarıstan, Bolqarıstan və Slovakiyadan olan fermerlərin bazarlara daha ucuz Ukrayna taxılının daxil olması səbəbindən itkiləri ümumilikdə təxminən 451,15 milyon dollar təşkil edib.

Daea həmçinin bildirib ki, Komissiya Polşa, Bolqarıstan və Rumıniya fermerlərinə 56,3 milyon avro dəyərində təzminat ödəmək niyyətindədir və yekun qərarın martın 30-da verilməsi gözlənilir.

XS
SM
MD
LG