Son vaxtlarh xüsusilə Ərdəbil, Urmiyə və Təbriz şəhərlərində saxlanılan, habelə həbs və şallaq cəzasına məhkum edilən türk fəalların sayı artmağa başlayıb.
Keçən iki həftə ərzində fəallar Cəfər İsmayılzadə, Milad İsmayılzadə, Əli Vasiqi və Rza Vasiqi nəzarət altına alınıb, Siyamək Mirzayi və Meysəm Colani isə həbs, məhrumiyyət və şallaq cəzasına məhkum olunu,b. Vasiqi qardaşlarının nəzarət altına alındığı zaman ağır şəkildə döyüldüyünə dair məlumat yayılıb.
Urmiyədə isə siyasi fəallar Əli Əzizi və Elyar Hüseynzadəyə qarşı çıxarılan şallaq və cərimə cəzası iyunun 8-də icra edilib.
Ərdəbil Cəza Məhkəməsi qiyabi olaraq mühakimə etdiyi siyasi fəal Meysəm Colanini 5 ay həbs və 74 şallaq cəzasına məhkum edib. İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin bildirdiyinə görə, hökm daha öncə çıxarılsa da, Colaniyə iyunun 15-də bildirilib.
Meysəm Colani 2019-cu ilin noyabr ayında İranın müxtəlif vilayətlərində keçirilən kütləvi etirazlarla əlaqədar nəzarət altına alınmışdı. O, bir müddət nəzarət altında qaldıqdan sonra mülki zəmanət qarşılığında sərbəst buraxılaraq, “ümumi intizamı pozmaq” ittihamı ilə mühakimə edilmişdi.
Tehran Apellyasiya Məhkəməsi isə tanınmış türk fəal Siyamək Mirzayinin ilkin məhkəmə tərəfindən məhkum olunduğu həbs və məhrumiyyət cəzasını qüvvədə saxladığına dair iyunun 14-də qərar çıxarıb. Hazırda Cənubi Xorasan vilayətinin Qain şəhərində sürgündə yaşayan siyasi fəal daha əvvəl qiyabi olaraq mühakimə edildiyi məhkəmədə bir il 10 gün həbsə məhkum edilib. Bundan əlavə onun 2 il boyunca ölkədən xaricə çıxmasına qadağa, habelə ictimai-siyasi qruplara üzv olmasına məhrumiyyət tətbiq edilib.
Son vaxtlar həmçinin Təbriz və Ərdəbildə bəzi milli fəalların məhkəməyə çağırıldığına dair məlumat yayılıb. O cümlədən, milli fəal Şahin Bərzgər iyunun 9-da Təbriz İnqilab Məhkəməsində mühakimə edilib.
Keçən mart və aprel aylarında COVİD -19 pandemiyasına qarşı tədbirlər çərçivəsində İranın müxtəlif vilayətlərində məzuniyyətə göndərilən məhbuslar yenidən həbsxanalara qaytarılır.