Accessibility links

Türk fəal ‘həbsdə ikən göstərdiyi fəaliyyətlər’ səbəbilə yenidən həbsə məhkum edilib


Siyamək Mirzayi
Siyamək Mirzayi

Hüquq müdafiəçilərinin bildirdiyinə görə, Tehran İnqilab Məhkəməsi daha əvvəl həbsə və ictimai fəaliyyətlərdən məhrumiyyət cəzasına məhkum etdiyi türk fəal Siyamək Mirzayinin etirazını rədd edib.

Hazırda Cənubi Xorasan vilayətinin Qain şəhərində sürgündə yaşayan siyasi fəal qiyabi olaraq mühakimə edildiyi məhkəmənin keçən ilin dekabr ayında çıxardığı hökmə etirazını bildirmişdi.

Hazırda Cənubi Xorasan vilayətində sürgündə yaşayan türk fəal keçən il Tehran İnqilab Məhkəməsində qiyabi olaraq mühakimə edilib.

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məhkəmə sənədinin surətinə əsasən, Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi Siyamək Mirzayinin etirazını rədd edərək həbs hökmünü 10 gün artırıb. Yeni hökmə görə, türk fəal bir il 10 gün həbsə məhkum edilib. Bundan əlavə onun 2 il boyunca ölkədən xaricə çıxmağına qadağa, habelə ictimai-siyasi qruplara üzv olmasına məhrumiyyət tətbiq edilib.

Hökmə əsasən, Siyamək Mirzayi “həbsdə ikən etdiyi qanunsuzluqlar” səbəbilə “rejimə qarşı təbliğat”-da günahlandırılıb.

Məhkəmə Siyamək Mirzayinin 2016-cı ilin iyun ayından 2019-cu ilin iyul ayına qədər Tehranın Evin Həbsxanasında keçirdiyi həbs müddətində apardığı aclıq aksiyasını və prokurora açıq məktub unvanlamasını “qanunsuz fəaliyyət” olaraq dəyərləndirib.

“Müttəhimin etirazı dosyedə mövcud olan dəlilləri rədd etmir. Əlavə olaraq, bir şəxsin həbsdə olması onun qanunsuzluq etməsinə mane olmaz. Müttəhimin prokurora məktub ünvanlaması, həmçinin aclıq aksiyası keçirməsi İslam Respublikasına qara yaxmaq məqsədilə təsis edilmiş düşmən mediada yayılıb. Onun yazdığı məktub sosial mediada eynən nəşr edilib,” Hakim İman Afşarinin imzaladığı sənəddə yazılıb.

Siyamək Mirzayi 2016-cı ilin iyun ayında İran Azərbaycanının Muğan bölgəsində təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınaraq Tehranın Evin həbsxanasına göndərilib. Məhkəmə tərəfindən 3 il həbsə və 2 il sürgünə məhkum olunan milli fəalın həbs müddəti 2019-cu ilin iyun ayında başa çatsa da, o, iyul ayında sərbəst buraxıldı.

Milli fəal 2019-cu il iyul ayının 28-də sərbəst buraxıldıqdan sonra Cənubi Xorasan vilayətinə sürgünə göndərildi və hazırda həmin vilayətin Qain şəhərində yaşayır.

Siyamək Mirzayi 2015-ci ilin fevral ayında Amerikanın Səsi ilə müsahibədə İran İslam Respublikasının türk dili və mədəniyyətinə qarşı yürütdüyü siyasəti tənqid edib.

XS
SM
MD
LG