Accessibility links

Polşada kommunizmi təbliğ edən heykəllər söküləcək


Polşada sosializm zamanı qoyulmuş sovet və kommunizmi təbliğ edən heykəllərin, rəmzlərin uçurulması artıq mümkündür. Polşa prezidenti Andrzej Duda kommunizmin təbliğinə qadağa ilə bağlı qanuna dəyişikliyi imzalayıb.

Rusiya Dövlət Dumasının üzvü Dmitriy Novikov buna cavab olaraq bildirib ki, Dövlət Duması qanunla bağlı qətnamə hazırlayır. Dumanın analoji qətnaməsinin olacağını bundan əvvəl parlament spikeri Vyaçeslav Volodin də bildirmişdi.

«Dumanın bu həftənin sonunadək öz müraciətini yayacağı gözlənilir. Bu, parlamentə və digər aidiyyatı qurumlara müraciət olacaq və orada Dumanın bu cür davranışın yolverilməzliyi ilə bağlı mövqeyi, fikri öz əksini tapacaq» - deyə Novikov bildirib.

TOTALİTAR SİSTEMLƏRİN TƏBLİĞİ QADAĞANDIR

Polşa parlamentinin aşağı palatası iyunun 22-də qanuna dəyişiklik edib. Bu dəyişikliyə görə, bina və ya digər obyektlərə kommunizm və ya digər totalitar sistemləri təbliğ edən adların qoyulması, o cümlədən bu cür təbliğat heykəlləri qadağan olunur. Başqa sözlə qanun küçələrə, məktəb, mədəniyyət mərkəzləri, teatr, xəstəxana və s. bu kimi qurumların kommunist liderlər və ya kommunist partiyalar şərəfinə adlandırılmasını yasaqlayır. Qadağa hətta tarixlərə də aid edilir, məsələn, «7 noyabr» adını vermək qadağandır. Qərara görə, sovet dövründə Polşa ərazisində ucaldılmış heykəllərin üzərindən beşgüşəli ulduz və digər sovet rəmzləri də çıxarılmalıdır.

RUSİYALI DEPUTATLAR NARAZIDIR

Heykəllərin kommunistsizləşdirilməsi qanun qüvvəyə minəndən sonrakı bir ay ərzində həyata keçirilməlidir. Əgər heykəl şəhər rəhbərliyinin mülkü sayılırsa, onda bu işi şəhər rəhbərliyi görməlidir, özəl qurumlara aiddirsə, onda bu işi görmək onların boynuna düşür. Və əgər qoyulan vaxt kəsiyində bu tələb yerinə yetirilməzsə, həmin heykəl istifadəsiz sayılacaq və sökülməsi barədə qərar çıxarılacaq. Qərarın da məhz bu hissəsi rusiyalı deputatların kəskin tənqidinə tuş gəlib. Əksər deputatlar iddia edirlər ki, Polşa hökuməti ilk növbədə sovet dönəminə aid heykəlləri uçurmağı hədəfə alıb, baxmayaraq ki, qanun bu qərarı çıxarmağı yerli hakimiyyətə həvalə edib.

Qanunda istisnalar da var. Məsələn, qadağa qəbirstanlıqlardakı, xatirə lövhələrindəki, ictimai nümayiş üçün nəzərdə tutulmayan, elmi məqsədlər daşıyan, incəsənət nümunəsi olan, abidələr reyestrinə daxil heykəllərə aid edilmir.

XS
SM
MD
LG