Accessibility links

Pompeo İranın zərərli əməllərinin qarşısının alınması üçün beynəlxalq əməkdaşlığa çağırır


Mayk Pompeo və Antonio Quttereş

ABŞ dövlət katibi Mayk Pompeo çərşənbə axşamı Birləşmiş Millətlər Təşkilatı önündə çıxış edərkən İranın regiondakı mübahisəli davranışının qarşısını almaq üçün daha yaxın beynəlxalq əməkdaşlığa çağırıb.

"İran İslam Respublikası və onun vasitəçiləri İraq, Livan, Suriya və Yəməndə terror təşviq etməyə davam edir və bunun faciəvi nəticələri olur" – deyə, Pompeo BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqin təhlükəsizlik problemləri ilə bağlı iclasında söyləyib.

BMT Təhlükəsizlik Şurasının iclası
BMT Təhlükəsizlik Şurasının iclası

O, İranın bu yaxınlarda uranın zənginləşdirməsini beynəlxalq limitdən yuxarı səviyyədə bərpa etməsini, Hörmüz boğazından keçən bir neçə tankeri ələ keçirməsini və ballistik raketləri sınaqdan keçirməsini vurğulayıb.

O həmçinin Təhlükəsizlik Şurasını bir daha beynəlxalq silah embarqosu və səyahət qadağasının 2015-ci ildə İran və BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü arasında əldə olunan nüvə razılığının bir müddəasına əsasən gələn il sona çatmasının qarşısını almağa çağırıb.

Tramp administrasiyası ötən il Obamanın hakimiyyəti dövründə əldə olunan razılıqdan geri çəkiləndən bəri ABŞ və İran arasında gərginlik artıb.

İranın BMT-dəki nümayəndəsi Məcid Taxt Ravançi ABŞ-ın regiondakı hərbi mövcudluğunun, nüvə razılığından geri çəkilməsinin və “İranofob bəyanatlarının” regional gərginliyi artırdığını bildirib.

“Biz münaqişə axtarmasaq da, biz suverenliyimizin pozulmasına biganə qala bilmərik”, Ravançi şuraya bildirib. “Buna görə də, sərhədlərimiz və maraqlarımızı qorumaq üçün biz özümüzü müdafiə haqqımızdan istifadə edəcəyik”, o əlavə edib.

İranın BMT-dəki nümayəndəsi Məcid Taxt Ravançi
İranın BMT-dəki nümayəndəsi Məcid Taxt Ravançi

ABŞ İranı son aylarda Hörmüz boğazında bir neçə gəmiyə hücumda, habelə bəzi tankerlərin ələ keçirilməsində günahlanıdırıb. Vaşinqton neft tankerlərinin mühüm tranzit nöqtəsi olan Hörmüz boğazında beynəlxalq yükdaşımaları qorumaq üçün səy göstərib.

“Xarici qüvvələrin bu strateji su yoluna müdaxiləsi sabitliyi pozur və qəbuledilməzdir”, İran nümayəndəsi söyləyib.

Şərhlərə bax

XS
SM
MD
LG