Accessibility links

Pompeo: Vaşinqton İranla gərginliklərin diplomatik yolla həlli üzərində işləyir


ABŞ dövlət katibi Mayk Pompeo Vaşinqtonun İranla gərginliklərin diplomatik yolla həlli üzərində işlədiyini bildirib.

ABC xəbər agentliyinə danışan Pompeo Tramp administrasiyasının Yaxın Şərqə əlavə qüvvə yerləşdirmə qərarından sonra deyib ki, qüvvələr Səudiyyə Ərəbistanının hərbi qabiliyyətini gücləndirməklə yanaşı, İranın əməllərini çətinləşdirəcək.

İran prezidenti Həsən Ruhani bazar günü İran körfəzinə xarici qüvvələrin yerləşdirilməsinin regionda sabitsizliyi artıracağı barədə xəbərdarlıq verib.

"Xarici qüvvələr xalqlarımız və regionumuz üçün problemlər yaradacaq" , İran dövlət başçısı dövlət televiziyası ilə çıxışı zamanı söyləyib.

İran lideri əlavə edib ki, BMT-nin Baş Assambleyasının toplantısında sülh üçün regional əməkdaşlıq planını açıqlayacaq.

Cümə günü Pentaqondan verilən məlumata görə, həmin hərbi qüvvələr Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində hava hücumundan və raketdən müdafiə hissələrini gücləndirəcək.

Müdafiə naziri Mark Esper bildirib ki, bu tədbirlər Səudiyyə və BƏƏ-nin müraciətlərinə əsasən həyata keçirilir və məqsəd müdafiədir. Bu həm də Amerikanın bölgədəki mövcudluğunu gücləndirmək üçün ilk addım kimi də qiymətləndirilir.

ABŞ Silahlı Qüvvələrinin Birgə Baş Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford regiona nə qədər qoşun yerləşdiriləcəyini açıqlamayıb. O, bu barədə ətraflı məlumatın gələn həftə Müdafiə Naziriyi tərəfindən yayılacağını deyib.

Yaxın Şərq regionunda hərbi birliklərin gücləndirilməsi ilə bağlı ABŞ Müdafiə Nazirliyinin qərarı Səudiyyə Ərəbistanının Aramco neft şirkətinə məxsus obyektlərin dron və raketlərlə vurulmasından sonra gündəmə gəlib.

ABŞ dövlət katibi Mayk Pompeo çərşənbə günü hücumun "müharibə aktı" olaraq qəbul edilməli olduğunu söyləyib. Vaşinqton və Ər-Riyad bu hücumda İranın məsuliyyət daşıdığını hesab edir. Belə ki, həmin neft müəssisələrinə hücumu təşkil etməkdə ittiham olunan Yəməndəki suti qüvvələrinin İran tərəfindən dəstəkləndiyi vurğulanır. İran isə ittihamları rədd edir.

XS
SM
MD
LG