Birləşmiş Ştatlar və Türkiyə arasında amerikalı keşişin həbsi səbəbilə münasibətlərin gərginləşməsinə baxmayaraq, hər iki ölkə müttəfiq olaraq qalır. Bu sözləri ABŞ dövlət katibi Mayk Pompeo şənbə günü deyib.
Pompeo Sinqapurda keçirilən Asiya Təhlükəsizlik Forumunda müxbirlərə bildirib ki, iki ölkə alyans çərçivəsində əməkdaşlığa davam edəcək: “Türkiyə NATO müttəfiqidir və ABŞ-ın Türkiyə ilə əməkdaşlığa davam etmək niyyəti dəyişməyib.”
Bu həftənin əvvəli Tramp administrasiyası Türkiyə rəsmilərinə qarşı sanksiyalar tətbiq edib. Keşiş Endrü Bransonun həbsinə görə, ədliyyə və daxili işlər nazirlərinə qarşı tətbiq edilən sanksiyalar iki ölkələr arasında çox nadir və hətta presidentsiz bir hadisədir. Pompeo cümə günü Türkiyə xarici işlər naziri Mevlut Çavuşoğlu ilə görüşərək, bu mövzunu müzakirə edib.
“Mən aydın şəkildə bildirdim ki, keşiş Bransonun azadlığa buraxılması və Birləşmiş Ştatlara geri qayıtmasına icazə verilməsi vaxtı çoxdan keçib.” – deyə, bildirən Pompeo əlavə edib ki, həbs edilən bir neçə Dövlət Departamenti əməkdaşları da azadlığa buraxılmalıdır.
Pompeo Türkiyə ilə müxtəlif mövzularda çətinliklərin olduğunu etiraf edib. Lakin dövlət katibi deyib ki, Vaşinqton və Ankara yaxın əməkdaşlığına davam edir. Hər iki ölkə arasında münasibətlərdə son zamanlar Türkiyənin Suriyadakı hərbi əməliyyatları və Rusiyadan hava müdafə sisteminin alınması kimi mövzularda gərginlik yaşanıb.