Roma papası Fransis 80 milyon Roma katolikini ziyarət etmək üçün Asiyaya səfərinin növbəti dayanacağı olan Filippindədir.
Təyyarə enərkən Roma Papası Fransisi Filippin prezidenti Beninyo Akino ilə birlikdə böyük insan kütləsi qarşılayıb.
Roma Papasının Filippinə səfərinin əsas məramı qarşıdan gələn bazar günü paytaxt Manilada açıq havada 6 milyona qədər insanın qarşısına çıxmaq olacaq. Papa eləcə də 2013-cü ilin noyabrında tufandan zərər çəkənlərlə görüşmək üçün Taklobana gedəcək.
Roma Papasının Filippinə səfəri Papa Con Polun bu ölkəyə 1995-ci ildə etdiyi səfərdən sonra ikinci səfərdir.
Papa Fransisin Asiyaya bir həftəlik səfərininin birinci dayanacağı Şri-Lanka olub. Papa bu ölkədə ədalət, şəfa və birliyin vacibliyini vurğulayıb.