Ukrayna prezidenti Petro Poroşenko Rusiyadan qoşunlarını müharibənin viran qoyduğu şərq bölgəsindən çıxarmasını tələb edib. Cənab Poroşenko bu çağırışı qərbin əsas müttəfiqi olan Avstraliyaya 3 günlük səfəri zamanı verib.
Müxbirlərlə söhbəti zamanə Ukraynanın dövlət başçısı deyib ki, əgər o, Rusiya ilə sərhədi bağlasa, bir neçə həftə ərzində bölgədə sülh və sabitlik bərpa olunacaq.
Ukrayna Rusiyanı Kiyev hökumətinə qarşı mübarizə aparan üsyançılara silah və hərbi qüvvə ilə yardım etməkdə ittiham edib. Rusiya isə bu ittihamları qətiyyətlə rədd edərək, bölgədə yalnız rus könüllülərinin olduğunu deyib.
Ukrayna çərşənbə günü bu həftənin əvvəlində başlanan sülh danışıqlarını dayandıraraq, üsyançıların məsələni danışıq yolu ilə həllində maraqlı olmadıqlarını deyib.
Danışıqların cümə günü Belarusda davam etdirilməsi nəzərdə tutulsa da, Kiyev separatçıların atəşkəsi pozduğuna görə bunun mümkün olmayacağını bildirib.