Accessibility links

Tramp beş, Klinton dörd ştatda qələbə çalıb


Respublikaçılar tərəfindən öndə gedən namizəd Donald Tramp çərşənbə axşamı daha beş ştatda keçirilən praymerilərin qalibi olub və beləliklə partiyadan nominasiya almaq şanslarını artırıb.

Tramp Konnektikut, Delaver, Merilend, Pensilvaniya və Rod Aylend ştatlarında səslərin 55 faizini alaraq asanlıqla qələbə əldə edib.

Tərəfdarları qarşısında çıxış edən Tramp nominasiya uğrunda yarışın artıq bitdiyini deyib və özünü ehtimal edilən vahid namizəd adlandırıb. Çərşənbə axşamı günü keçirilən praymerilərdən sonra ona dəstək nümayəndələrin sayı 950-ə çatıb. Respublikaçı namizədlərin nominasiya üçün 1237 nümayəndəyə ehtiyacı var, amma o, iyul ayında keçiriləcək qurultaydan öncə bu qədər nümayəndəni özünə hələ təmin etməyib.

Trampın rəqibləri Texas senatoru Ted Kruz və Ohayo qubernatoru Con Keysik nominasiya üçün lazım olan nümayəndələrin sayını toplaya bilməyiblər və bu səbəbdən də onlar səylərini Trampın qarşısısı almaq üzərində cəmləşdirir.

Demokratlar partiyasından namizədlər arasında isə sabiq dövlət katibi Hillari Kliton çərşənbə günü dörd ştatda qələbə əldə edərək, partiyasından nominasiya qazanmağa bir addım daha yaxınlaşıb.

Vermont senatoru Berni Sanders isə təkcə Rod Aylenddə qalib gələ bilib.

Hazırda Klintonun 2141 nümayəndəsi var ki, bunlara onu dəstəkləməyi vəd edən partiya rəsmilərindən ibarət super-nümayəndələr daxildir. Beləliklə, Klintonun nominasiyanı əldə etmək üçün sadəcə 242 nümayəndəyə ehtiyacı var.

Filadelfiyada tərəfdarları önündə çıxış edən Klinton noyabr ayında prezident seçkilərində qalib gəlmək və güclü mütərəqqi ənənəni davam etdirmək üçün Demokratlar partiyasını bir araya gətirəcəyini deyib.

Sanders Demokratların qurultayda nominasiya uğrunda yarışı davam etdirməyə söz verib. O bu mövqeyini çərşənbə axşamı da təkrar edərək, partiya gündəminə təsir göstərmək məqsədilə hər nümayəndənin dəstəyi uğrunda mübarizə aparacağını bildirib.

XS
SM
MD
LG