Accessibility links

İlham Əliyev: 2013-cü ildə işğalçı məcbur edilməlidir ki, işğal edilmiş torpaqlardan tezliklə çıxsın


Prezident İlham Əliyev
Prezident İlham Əliyev

Prezident Əliyev xalqa təbrikində Ermənistan-Azərbaycan münaqişəsi, iqtisadi inkişaf, enerji təhlükəsizliyi və idman sahəsində uğurlardan danışıb

“2012-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çox ciddi siyasi hadisələr baş verib. Mən ilk növbədə, bu məsələ ilə məşğul olan Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının bəyanatını qeyd etmək istəyirəm. O bəyanatda deyilir ki, status-kvo qəbuledilməzdir. Yəni, bu, onu göstərir ki, artıq heç kim, hətta bu məsələ ilə məşğul olan vasitəçilər, funksiyaları öz üzərinə götürən ölkələr də bu işğalla, bu vəziyyətlə barışmaq istəmir. Status-kvonun dəyişdirilməsi işğala son qoyulması deməkdir”. Bu barədə prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bildirib.

O deyib ki, 2012-ci ildə Azərbaycanın qoşulduğu Qoşulmama Hərəkatının zirvə toplantısında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox tutarlı və ədalətli qətnamə qəbul edilib.

“Həmin qətnamədə deyilir ki, bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Eyni zamanda, 2012-ci ildə NATO-nun zirvə görüşündə də qəbul edilmiş qətnamədə Ermənistan-Azərbaycan münaqişəsinin ərazi bütövlüyü əsasında həll edilməsi haqqında məsələ qoyulmuşdur. Yəni, Qoşulmama Hərəkatında və NATO-da birləşən ölkələr dünya birliyinin mütləq əksəriyyətini təşkil edir və bu ölkələrin mövqeyi birmənalıdır: Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Münaqişənin başqa həlli yoxdur”.

Prezident bir daha xatırladıb ki, Azərbaycan heç vaxt öz əzəli torpağında ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir.

“Bu günkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaranmışdır. Bu tarixi biz yaxşı bilirik. İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı - bütün bunlar bizim tarixi torpaqlarımızdır. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılması heç vaxt mümkün olmayacaqdır. Azərbaycan heç vaxt buna imkan verməyəcəkdir. Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcəkdir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir və bu gün işğal altında olan bütün şəhərlərdə, o cümlədən Şuşada, Xankəndidə Azərbaycan bayrağı dalğalanacaqdır”.

Dövlət başçısı hesab edir ki, 2013-cü ildə vasitəçilər tərəfindən məsələnin həlli ilə bağlı daha konkret təkliflər verilməli və işğalçı məcbur edilməlidir ki, işğal edilmiş torpaqlardan tezliklə çıxsın.

“Bununla bərabər, heç kəs üçün sirr deyildir ki, biz ordu quruculuğu prosesi ilə çox ciddi məşğuluq. Azərbaycan Ordusu Cənubi Qafqazın ən böyük qüvvəsidir. Ordunun inkişafı üçün bütün lazımi tədbirlər görülür. 2012-ci ildə böyük miqdarda hərbi texnika, silah-sursat, təyyarələr, helikopterlər, artilleriya qurğuları, hava hücumuna qarşı qurğular gətirilmiş, eyni zamanda, daxildə 40-dan yuxarı sənaye müəssisəsində hərbi təyinatlı məhsulların istehsalı təşkil edilmişdir”.

Prezident Azərbaycan ordusunun 2013-cü ildə daha da gücləndiriləcəyini diqqətə çatdırıb.

“Ordumuza xərclənən vəsait Ermənistan büdcəsindən 50 faiz çoxdur və bundan sonra da bu istiqamətdə məqsədyönlü, hərtərəfli siyasət aparılacaqdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini tapsın, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsin”.

O 2012-ci ildə məcburi köçkünlərin problemlərinin həlli üçün çox böyük işlər görüldüyünü və 20 min köçkünün yeni mənzillərlə, evlərlə təmin edildiyini deyib.
“Gələn il 20 mindən artıq köçkünün yaşayış şəraiti yaxşılaşdırılacaq və beləliklə, Dövlət proqramının icrası nəticəsində biz köçkünləri, bizim soydaşlarımızı gözəl şəraitlə təmin edəcəyik. Ancaq əlbəttə, biz torpaqlarımız işğalçılardan azad olunandan sonra bu gün hələ də işğal altında olan torpaqlarda yeni binalar, qəsəbələr, şəhərlər salacağıq ki, vətəndaşlarımızı gözəl şəraitlə təmin edək. Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Bizim gücümüz artır, həm iqtisadi sahədə, həm hərbi sahədə. Beynəlxalq mövqelərimiz möhkəmlənir”.

Dövlət başçısı enerji təhlükəsizliyi sahəsində TANAP layihəsinin imzalanmasını 2012-ci ilin çox əlamətdar hadisəsi adlandırıb.

“TANAP layihəsi bizə imkan verəcəkdir ki, Azərbaycan zəngin qaz resurslarını dünya bazarlarına böyük həcmdə nəql etsin. Hesab edirəm ki, TANAP layihəsi son illər ərzində nəinki ölkəmizdə, regionda, Avropa qitəsində enerji təhlükəsizliyi ilə bağlı olan məsələlər arasında ən böyük addımdır. TANAP layihəsinin təşəbbüskarı da Azərbaycan olmuşdur. Əminəm ki, TANAP layihəsini Azərbaycan öz tərəfdaşları ilə vaxtında icra edəcək və beləliklə, Avropanın enerji xəritəsi böyük dərəcədə dəyişdiriləcəkdir”.

O 2012-ci ildə digər vacib layihə - Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin uğurla icra edildiyini xatırladıb.

“Əminəm ki, gələn il biz bu dəmir yolunun açılışını qeyd edəcəyik”.
Preziden Azərbaycanın idman sahəsindəki uğurlarından da danışıb.
“London Yay Olimpiya Oyunlarında Azərbaycan tarixi qələbə qazanıb. On medal qazanmışıq. Onlardan ikisi qızıl, ikisi gümüş, altısı bürünc medaldır. Tarixdə ilk dəfə olaraq biz on medala imza atdıq. Beləliklə, Olimpiya Oyunlarının yekunlarına görə Azərbaycan dünya miqyasında 30-cu, Avropada 15-ci, müsəlman aləmində isə 3-cü yerə layiq görülüb”.

Onun sözlərinə görə, dekabrda Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında tarixi qərar qəbul edilib.

“Bu da bizim böyük qələbəmizdir. Bu oyunlar tarixdə birinci oyunlar kimi qalacaqdır. Avropanın birinci Olimpiya Oyunlarını Azərbaycanda, Bakıda keçirmək, əlbəttə, bizim üçün böyük şərəfdir, böyük məsuliyyətdir, eyni zamanda, ölkəmizdə görülən işlərə Avropa Olimpiya ailəsi tərəfindən verilmiş yüksək qiymətdir. Nəzərə alsaq ki, bu il biz Avropanın və dünyanın birinci mahnı müsabiqəsini – “Eurovision” müsabiqəsini böyük məharətlə, ustalıqla keçirmişik, əminəm ki, Avropa Olimpiya Oyunlarını da yüksək səviyyədə keçirəcəyik”, o qeyd edib.
XS
SM
MD
LG