Korrupsiyaya qarşı çıxışları ilə tanınan Ekvador prezidentliyinə namizəd çərşənbə günü Cənubi Amerika ölkəsində zorakılıq dalğası fonunda paytaxtda keçirilən siyasi mitinqdə güllələnərək öldürülüb.
Prezident Giyyermo Lasso namizəd Fernando Vilyaviçensiyonun öldürülməsini təsdiqləyib və onun öldürülməsinin arxasında mütəşəkkil cinayətin olduğunu irəli sürüb.
Vilyaviçensiyo avqustun 20-də keçirilən prezident seçkilərində lider olmasa da, səkkiz namizəddən biri idi. 59 yaşlı siyasətçi "Ekvador Qurmaq" hərəkatının namizədi olub.
"Sizi əmin edirəm ki, bu cinayət cəzasız qalmayacaq. Mütəşəkkil cinayətkarlıq həddindən artıq irəli gedib, lakin qanunun bütün ağırlığını hiss edəcəklər," Lasso açıqlamasında bildirib
Ekvador Baş Prokurorluğu bildirib ki, Vilyaviçensiyoya sui-qəsddə şübhəli bilinən şəxs rəsmiləri tərəfindən həbs edildikdən sonra aldığı yaralardan ölüb.
Tarixən sakit bir ölkə olan Ekvadorda zorakılıqlar son bir ildə artıb, çünki narkotik tacirləri Cənubi Amerika ölkəsinə axışıb, nəticədə narkotik ticarəti, zorakı qətllər və dəstələr tərəfindən uşaqların işə götürülməsi ilə bağlı narahatlıqlar artıb.
Sosial şəbəkələrdə yayılan videolarda namizədin mühafizəçilərin əhatəsində tədbirdən çıxdığı görünür.
Daha sonra videoda Vilyaviçensiyonun ağ yük maşınına girməsi və ardınca atəş səsləri göstərilir, bu məlumat Associated Press-ə Vilyaviçensiyonun kampaniya müşaviri Patrisiyo Zuqvilanda tərəfindən təsdiqlənir.
Zuqvilanda namizədin güllələnmədən əvvəl ölüm təhdidləri aldığını və bu barədə səlahiyyətlilərə məlumat verdiyini və bir həbslə nəticələndiyini deyib. O, beynəlxalq hakimiyyət orqanlarını zorakılığa qarşı tədbir görməyə çağırıb, bunu artan zorakılıq və narkotik ticarəti ilə əlaqələndirib.
"Ekvador xalqı ağlayır, Ekvador isə ölümcül yaralanıb. Siyasət cəmiyyətin heç bir üzvünün ölümünə səbəb ola bilməz," o bildirib.
Polis zabitlər də daxil olmaqla bir neçə nəfərin yaralandığını təsdiqləyib, hadisəni terror aktı kimi qiymətləndirib və qətlin açılacağına söz verib.
Vilyaviçensiyo xüsusilə 2007-ci ildən 2017-ci ilə qədər sabiq prezident Rafael Korrea hökuməti dövründə korrupsiyaya qarşı ən tənqidi səslərdən biri idi.
O, Korrea hökumətinin yüksək rütbəli üzvlərinə, o cümlədən eks-prezidentin özünə qarşı bir çox məhkəmə şikayətləri verib.
Forum