Accessibility links

Prezident Administrasiyasının rəsmisi Amerika dövlət katibi ilə danışıqların bəzi detallarını açıb


Onun sözlərinə görə, dövlət katibi jurnalistlərlə bağlı fikirləri gülüşlə qarşılayıb.

Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ANS-in “Əhatə dairəsi” proqramına müsahibəsində Amerika dövlət katibi Hillari Klintonun Bakıdakı danışıqları ilə bağlı bəzi detalları açıb. Bu isə sensasiya yaradacaq qədər maraqlıdır və narazılıqlarla müşahidə olunmaqdadır.

Novruz Məmmədov müsahibəsində deyib ki, dövlət katibi Azərbaycan prezidenti ilə görüşündə Azərbaycanda jurnalistlərə qarşı təzyiqlər və jurnalist Idrak Abbasovun döyülməsi ilə bağlı da soruşub. “Hətta kiçik bir epizodda dövlət katibi dedi ki, “Azadlıq” radiosununmu, qəzetininmi əməkdaşı ilə bağlı olan o hadisədə Amerika Azərbaycan hökumətinin mövqeyindən razı qalıb. Yəni, bunu alqışladılar... Səmimiyyətlə bildirirəm ki, jurnalistlərlə bağlı söhbət olmadı, amma özünü jurnalist adlandıran biri ilə bağlı söhbət oldu. Bu, danışıqların sonundan da sonra bir az gülüş yaradan epizod oldu. İdrak Abbasov adlı biri haqqında danışıldı. Onu da bildirim ki, bu məsələ Azərbaycan prezidentinə aid olmadığı üçün, orada Neft Şirkətinin vitse-prezidenti bildirdi ki, bütün ölkələrdə, dünyanın hansı ölkəsi olur-olsun, orada qeyri-qanuni yerlərdə qeyri-qanuni tikili ilə bağlı qərarlar olur və burada da Azərbaycan hökuməti ona bütün şərtlərlə kompensasiya verməsinə baxmayaraq o bu hadisəni müəyyən mənada siyasiləşdirərək təqdim etmək istədi. Bununla bağlı da gülüş doğuran bir söhbət oldu”, - deyə şöbə müdiri vurğulayıb.

Xatırladaq ki, Hillari Klintonun öz versiyasına görə İlham Əliyevlə görüş zamanı demokratiya və insan haqları müzakirə olunub və o, dövlət başçısını onların reallaşmasını təmin etməyə çağırıb.

Şöbə müdirinin müsahibəsində işlətdiyi ifadələr media ictimaiyyəti tərəfindən də birmənalı qarşılanmayıb.

“O səviyyədə dövlət məmurunun ən azından belə primitiv səhvlər buraxması buraxmamalıdır. Məmur və siyasətçi ürəyində tutduğu ifadələri efirdə və ictimaiyyət qarşısında söyləməməlidir”. Bu barədə Ayna-Zerkalo qəzetlərinin baş redaktoru Elçin Şıxlı Amerikanın Səsi radiosuna cənab Məmmədovun dediklərini şərh edərkən bildirib.
Baş redaktor deyib ki, N.Məmmədovun “özünü jurnalist adlandıran” deməsi, bələ nəticə çıxarmağa əsas verir ki, Azərbaycan iqtidarı jurnalistlərlə bağlı yalnız belə düşünür. “Əgər, doğrudan belə düşünürlərsə, onda nədən 4-cü hakimiyyət adlandırılan mediaya bu qədər diqqət və maliyyə ayırırlar”, - E.Şıxlı qeyd edib.
Jurnalist İdrak Abbasov Novruz Məmmədovu məhkəməyə verəcək. “Novruz Məmmədov yalan danışıb. İki dövlət rəsmisi, xüsusilə Amerika dövlət katibi jurnalistlərin təzyiqə məruz qalmasına gülə bilməz. Məntiq bunu deyir. Novruz Məmmədov məni “özünü jurnalist adlandıran” kimi təqdim edir. Amma onun özü iş otağında dəfələrlə mən İdrak Abbasova müsahibə verib”. Cənab Abbasov bu günlərdə məhkəməyə müraciət edəcəyini deyib. “Novruz Məmmədov ifadələri ilə mənim şərəf və ləyaqətimə, işgüzar nüfuzuma xələl gətirib. Onun məndən üzr istəməsi və Heydər Əliyev Fonduna simvolik olaraq 1 manat cərimə ödəməsi ilə bağlı məhkəmədə iddia qaldıracam”, - jurnalist bildirib.
“Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova isə ironiya ilə deyib ki, “mən bilmirəm bu adamlar jurnalistlərin döyülməsindən gülməli nə tapıblar”.
“Novruz Məmmədovun dediyindən belə nəticəyə gəldim ki, dövlət katibinə İdrak Abbasovla bağlı yalan məlumat verilib. Yəni, İdrak Abbasova guya kompensasiya ödənilməsi, guya onun şəxsi işi ilə bağlı döyülməsi barədə yalan məlumat ötürülüb. İstənilən halda Novruz Məmmədov bu mesajı verdi ki, dövlət katibi üçün jurnalistlərin təzyiqlərə məruz qalması ciddi məsələ olmayıb. Təəssüf ki, Amerika tərəfindən də bunun əksini sübut edən tutarlı faktlar və cavab eşitmədik”, - o qeyd edib.

Xanım İsmayılova özü ilə bağlı məsələdən danışarkən deyib ki, Novruz Məmmədov iddia edir ki, dövlət katibi Azərbaycan hökumətinin mövqeyini alqışlayıb. “Amma mən bilmirəm, dövlət katibi Azərbaycan hakimiyyətinin hansı mövqeyini alqışlayıb. İstintaqın yubadılmasını və ya Prezident Administrasiyasının rəsmisi Çingiz Əsgərovun dediyi kimi prezidentin şəxsi işlərinə qarışdığım üçün mənim şəxsi həyatıma müdaxilənin qanuni sayması barədə bəyanatınımı?”, - deyə jurnalist sual edib.

XS
SM
MD
LG