Prezident İlham Əliyev aprelin 30-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin müşaviri Corc Kenti qəbul edib.
Bu barədə Azərbaycan Prezidentinin rəsmi saytında məlumat yayılıb.
Görüşün təfərrüatları barədə məlumat verilmir.
Bundan öncə cənab Kent 2018-cil oktyabrın 9-10-da Bakıda rəsmi səfərdə olub.
Oktyabrın 10-da keçirdiyi mətbuat konfransında Corc Kent bildirib ki, səfəri zamanı Avropanın enerji təhlükəsizliyi və Azərbaycanın iqtisadi müstəqilliyinə təminat verən Cənub Qaz Dəhlizi lahiyəsinin vacibliyi vurğulanıb. O Azərbaycanın rəhbərləri ilə bölgədə təhlükəsizliyin gücləndirilməsi, bölgədə terrorçuluğa qarşı mübarizədə və İranın qeyri qanuni yolla nüvə silahının əldə olunmasına qarşı beynəlxalq səylərdə ABŞ-ın paylaşdığı məqsədləri müzakirə edib.
Cənab Kent eyni zamanda kənd təssərüfatı, turizm, nəqliyyat və loqistika, informasiya texnologiyaları sahələrinə yatırılan investisiyalar sayəsində Azərbaycanın iqtisadi diversifikasiya üçün ABŞ ilə apardığı əməkdaşlığa dair müzakirələr aparıb və bu sahədə ABŞ şirkətlərinin imkanlarını vurğulayıb.
O 2014-cü ilin dekabrında Azərbaycanda fəaliyyəti dayandırılmış Azadlıq Radiosundan da danışıb.
“Ümid edirəm ki, gələn dəfə Azərbaycana səfərim zamanı Azadlıq Radiosunun müxbirini də sizin aranızda görəcəm. Media azadlığı toplaşmaq və söz azadlığı ilə yanaşı cəmiyyətlərin uğurunu təmin edən amillərdəndir”, o qeyd edib