Accessibility links

Prezident Əliyev: Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə davam etdiriləcək


Prezident Əliyev: Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə davam etdiriləcək
Prezident Əliyev: Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə davam etdiriləcək

Prezident Əliyev 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edib. O hökuməti 2012-ci ili uğurla başa vurmaq üçün fəal iş görməyə çağırıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 16-da Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Dövlət başçısı bildirib ki, 2011-ci ildə ölkə qarşısında duran bütün sosial-iqtisadi vəzifələr uğurla icra edilib. Nəzərdə tutulan bütün planlar həyatda öz əksini tapıb. Ötən il iqtisadiyyatda ümumi artım 0,1 faiz, qeyri-neft sektorunda 9,4 faiz olub. Bu sektorun inkişafı yeni iş yerlərinin yaradılmasına da həlledici təsir göstərib. Ölkədə qeyri-neft sənayesinin çəkisi 11,1 faiz artıb. İnflyasiya birrəqəmli səviyyədə qalmış, əhalinin pul gəlirləri 19,6 faiz yüksəlib. 2011-ci ildə investisiya qoyuluşunda rekord əldə olunub və bu rəqəm 20 milyard dollar təşkil edib. Onun 13 milyard dolları daxili, 7 milyard dolları isə xarici sərmayədir. Ümumilikdə son 2 ildə Azərbaycana 37 milyard dollar sərmayə qoyulub. Valyuta ehtiyatları ilk dəfə olaraq 40 milyard dolları keçib. Keçən ildə maaşlar, pensiyalar artırılıb, ünvanlı sosial yardım alan ailələrin sayı 120 minə çatıb.
“Biz bazar iqtisadiyyatı prinsiplərinə sadiqik, bununla yanaşı, sosial siyasətdə də uğurlu addımlar atırıq”, - deyən Prezident İlham Əliyev bildirib. Onun sözlərinə görə, ötən il 94 min yeni iş yeri açılıb ki, onlardan 73 mini daimidir. İşsizliyin səviyyəsi 2011-ci ildə 5,4 faizə, yoxsulluğun səviyyəsi 7,6 faizə düşüb.
Prezident Əliyev ötən il Azərbaycanın xarici siyasətdə də böyük uğurlar əldə etdiyini deyib. “ Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Bununla da Azərbaycan dünya birliyinin inamını və etimadını qazanıb”.
Dövlət başçısı bildirib ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində 2011-ci ildə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olunmayıb. Müsbət hallara gəlincə, Prezident İlham Əliyev üç həmsədr ölkənin dövlət başçılarının status-kvonun qəbuledilməz olması ilə bağlı 2011-ci ildə verdiyi bəyanatı yüksək qiymətləndirib. Bununla belə, münaqişənin həllini sürətləndirmək üçün qəbul edilən qərarların yerinə yetirilməsinin vacibliyini vurğulayıb.
“Bu gün ordumuz böyük imkanlara malikdir, biz bölgənin ən güclü ordusuna malikik”, - deyə o qeyd edib.
Dövlət başçısı bildirib ki, Azərbaycanın hərbi imkanları Ermənistanda böyük təşviş yaradır.
Prezident Əliyev 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edib.
O hökuməti 2012-ci ili də uğurla başa vurmaq üçün fəal iş görməyə çağırıb. “2012-ci ildə dövlət büdcəsinin xərcləri 22 milyard, icmal büdcə isə 25 milyard dollar olacaqdır”.
Dövlət İnvestisiya Proqramının həcminin 5,7 milyard manat təşkil etdiyini qeyd edən Prezident İlham Əliyev bildirib ki, 2012-ci ildə əsas diqqət içməli su və kanalizasiya layihələrinin icrasına yönəldiləcək. Bununla yanaşı, suvarma və meliorasiya, qazlaşdırma layihələrinin icrası, elektrik enerjisi ilə təminat, İKT-nin və 2012-ci ildə ilk telekommunikasiya peykinin fəzaya buraxmağa hazırlaşan Azərbaycanda kosmik sənayenin inkişafı qarşıda duran prioritetlər sırasındadır.
2012-ci ildə ölkədə ərzaq təhlükəsizliyinin, kənd təsərrüfatının, sahibkarlığın inkişafı da diqqət mərkəzində olacaq, Bakı və paytaxt qəsəbələrinin inkişafı proqramının icrası, sosial-infrastruktur obyektlərinin tikintisi, ekoloji problemlərin həlli, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə davam etdiriləcəkdir.

XS
SM
MD
LG