Accessibility links

Prezident Əliyev: Tezliklə müstəqil, suveren Fələstin Dövləti yaradılmalıdır və paytaxtı Şərqi Qüds şəhəri olmalıdır


Prezident Əliyev: Tezliklə müstəqil, suveren Fələstin Dövləti yaradılmalıdır və paytaxtı Şərqi Qüds şəhəri olmalıdır
Prezident Əliyev: Tezliklə müstəqil, suveren Fələstin Dövləti yaradılmalıdır və paytaxtı Şərqi Qüds şəhəri olmalıdır

Azərbaycan və Fələstin regional məsələlər, dünyada gedən proseslər, Fələstin-İsrail danışıqlarının indiki mərhələsi, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar fikir mübadiləsi aparıb.

Fələstin prezidenti Mahmud Abbasın Azərbaycana iki günlük rəsmi səfəri başa çatıb. Azərbaycan və Fələstin dövlət başçıları mətbuata bəyanatlarla çıxış edib.

Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, regional məsələlər və dünyada gedən proseslər haqqında fikir mübadiləsi aparılıb. Tərəflər həmçinin Fələstin-İsrail danışıqlarının indiki mərhələsi ilə əlaqədar fikir mübadiləsi aparıb. “Bir daha demək istəyirəm ki, Azərbaycan bütün beynəlxalq təşkilatlarda Fələstin Dövlətini dəstəkləyir. İslam Konfransı Təşkilatında, Birləşmiş Millətlər Təşkilatı çərçivəsində aparılan bütün müzakirələr zamanı Azərbaycan Fələstinin yanındadır və bundan sonra da belə olacaq. Biz hesab edirik ki, tezliklə müstəqil, suveren Fələstin Dövləti yaradılmalıdır və onun paytaxtı Şərqi Qüds şəhəri olmalıdır. Bu, bizim mövqeyimizdir və bütün beynəlxalq təşkilatlarda biz bu mövqeyi müdafiə edirik, müdafiə edəcəyik. Bu, bir tərəfdən bizim qardaşlıq borcumuzdur, digər tərəfdən, bu mövqe beynəlxalq hüquq normaları əsasında formalaşıbdır”.

Cənab Əliyev eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son mərhələsi haqqında Fələstin liderinə məlumat verib. “Uzun illərdir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan Beynəlxalq aləm bizim mövqeyimizi dəstəkləyir. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası məsələ ilə bağlı dörd qətnamə qəbul edib. Qətnamələrdə göstərilir ki, Ermənistanın işğalçı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Əfsuslar olsun ki, bu günə qədər Ermənistan tərəfi bu qətnamələrə məhəl qoymur. Digər beynəlxalq təşkilatların mövqeyi də oxşardır. İslam Konfransı Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası, ATƏT buna oxşar qərar və qətnamələr qəbul edib.
Beləliklə, məsələnin həlli üçün hüquqi əsaslar kifayət qədər möhkəmdir. Mən əminəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir. Biz istəyirik ki, bunu tezliklə və sülh yolu ilə həll edək”.
Cənab Abbas Fələstinə verdiyi dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür bildirib. O İsrail-Fələstin problemindən danışarkən bildirib ki, həll yolu danışıqlardan keçir. “Əgər İsrail hökuməti beynəlxalq səviyyədə 1967-ci il sərhədlərinə qayıtsa, biz onlarla sülhə gəlmək üçün danışıqlara getməyə hazırıq. Amma çox təəssüflər olsun ki, bunu bacarmadıq. Ona görə də dedik ki, gəlin BMT-yə müraciət edək. Qoy onlar bizə desin ki, 63 ildən artıq işğal altında yaşayan xalq nə etməlidir?! Biz ən azı istiqlaliyyət arzu edirik. Biz bu iş üzərində işləyirik. Əgər uğur qazanmasaq, onda BMT-yə müraciət edəcəyik”.

O, Fələstinin daxili problemlərindən də danışıb. “Biz milli birlik haqqında sənəd imzalamışıq, bəzi addımlar atmışıq. Bu milli birlik sayəsində indi Fələstin hökumətinin yaradılması istiqamətində çalışırıq. Allahın köməyi ilə ən yaxın zamanda biz bu məsələdə məqsədlərimizə çatarıq”.

Cənab Abbas Azərbaycan və Fələstinin oxşar problemlərinə də toxunub. “Sizin də torpaqlarınız işğal altındadır. Sizdə də, bizdə də qaçqınlar vardır. Sizin haqqınızda BMT-nin məlum dörd qətnaməsi vardır - 822, 853, 874 və 884 saylı qətnamələr. BMT-nin bu dörd qətnaməsinin hamısı sülhə çağırır. Bizim haqqımızda isə BMT-nin 15 və daha artıq qərarı vardır. Bu qətnamələr də sülhə çağırır. Amma biz səbir edirik ki, bu problemlərə sülh vasitəsilə son qoyulsun”, - deyə o qeyd edib.

XS
SM
MD
LG