Accessibility links

Prezident siyasi və məhkəmə-hüquq sistemində islahatların olacağını bildirib


İslahatlar

Prezident İlham Əliyev siyasi və məhkəmə-hüquq sahəsində islahatların olacağını anons verib.

İlham Əliyev
İlham Əliyev

"İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar - artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır - təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub. Azərbaycan yeniləşir, Azərbaycan güclənir və müasirləşir", prezident Əliyev martın 20-də Novruz bayramı münasibətilə xalqa videomüraciətində deyib.

Onun sözlərinə görə, bundan sonra Azərbaycan yalnız və yalnız inkişaf və tərəqqi yolu ilə gedəcək, vətəndaşların sosial vəziyyəti ildən-ilə yaxşılaşacaq.

Bununla yanaşı hökumətin islahatlar aparacağına müxalifət və hüquq müdafiəçiləri inanmır.

“Əlbəttə ki, islahat barədə danışmaq çox tezdir. Hələ ki, islahat kimi dəyərləndirəbiləcək ciddi bir hadisə baş verməyib. İslahat ona deyə bilərik ki, sistemli dəyişiklikləri ehtiva edə bilsin. Bundan sonra problemlər yaranmasın,” hüquq müdafiəçisi Xədicə İsmayıl Amerikanın Səsinə ölkədə siyasi məhbus problemi və məhkəmə-hüquq islahatları ilə bağlı danışarkən bildirib .

Hələlik üstünü sadəcə bəzəyib də yenilik kimi təqdim etmək istəyirlər. Ancaq məzmunca yeni bir şey görmürəm, sadəcə hakimiyətin bir qədər özünü itirdiyini hiss edə bilirəm.
İlqar Məmmədov, REAL Partiyasının sədri

REAL Partiyasının sədri İlqar Məmmədov da islahatların olacağına şübhə ilə yanaşır.

O Amerikanın Səsinə bildirib ki, hazırda islahat dedikləri addımların hələ heç birinə inanmır.

“Çünki onlar praktiki olaraq Azərbaycanda demokratik keçidin baş verəcəyinə təminat yaratmır. Haçan ki, biz görsək ki, məhkəmələr düzəldi, seçki düzəldi, ümumi ünsiyyət yaxşıya doğru dəyişdi, hakimiyyət tərəfindən müxalifətlə dialoqa doğru addımlar atıldı, biz, onda deyə bilərik ki, bunlar həqiqi mənada yenilik istəyir. Hələlik isə üstünü sadəcə bəzəyib də yenilik kimi təqdim etmək istəyirlər. Ancaq məzmunca yeni bir şey görmürəm, sadəcə hakimiyətin bir qədər özünü itirdiyini hiss edə bilirəm. Bunun da səbəbi əsasən Azərbaycanın maddi imkanlarının tükənməsidir və iqtisadi rəqabətdə Ermənistan və Gürcüstanla müqayisədə geriləməsidir,” partiya lideri qeyd edib.

Xatırladaq ki, bundan öncə, 2016-cı il dekabrın 7-də prezident İlham Əliyev “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin əsas istiqamətləri” adlı sənəd imzalayıb. Sənəddə Azərbaycanın iqtisadiyyatının daha çox retrospektiv təhlili, yaxın və mövcud durumun qiymətləndirilməsi əksini tapıb, növbəti illər proqnozlaşdırılıb, görüləcək işlər planlaşdırılıb. 2020-2025 və 2030-cu illərə qədər görüləcək işlər nəzərdə tutulub.

Sənədin 3-cü mühüm hissəsi strateji hədəf adlanır, burada dörd istiqamət qruplaşdırılıb. Bu istiqamətlər üzrə Azərbaycanın iqtisadi siyasətinin inkişafı diqqətə gətirilib.

“Birinci istiqamət fiskal dayanıqlığın təmin olunması, monetar siyasətlə bağlı bölmədir. İkinci bölmə özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrin idarə olunması ilə bağlıdır. Üçüncü bölmə insan inkişafını nəzərdə tutur. Dördüncü istiqamət biznes mühitinin yaxşılaşdırılmasını özündə ehtiva edir.”

Ekspertlər sənəddə nəzərdə tutulan istiqamətlər üzrə islahatların ya aparılmadığını, ya da zəif tempini qeyd edir. Azərbaycan 2019-cu il dövlət büdcəsinin gəlirlərinin yenə də 49,6%-i Dövlət Neft Fondundan transfertin hesabına formalaşacaq.

Kölgə iqtisadiyyatı
Kölgə iqtisadiyyatı

Ekspertlər həmçinin ilkin olaraq məhkəmə islahatlarının, idarəetmədə daha optimal strukturun müəyyənləşdirilməsinin nəzərdən keçirlməsinin vacibliyini bildirir.

Müşahidəçilər isə ölkədə "kölgə iqtisadiyyat"ın çəkisinin hədsiz çox olmasının islahatlar üçün ciddi əngəl olduğunu düşünür.

Vergilər naziri Mikayıl Cabbarov 2019-cu ilin fevralında bildirib ki, uzun illər iqtisadiyyatın ayrı-ayrı sektorlarında mövcud olmuş "kölgə iqtisadiyyatı" qanuni əsaslarla işləyən sahibkarların əl-qolunu bağlaıb: "Elə bir vəziyyətlə üz-üzə idik ki, praktiki olaraq intizamla işləmək istəyən şirkətlər bazar paylarını itirməyə məhkum idilər. Uçot sisteminin iflic olması nəticə etibarilə vergi potensialının gizlədilməsinə, bazarın qeyri-sabitliyinə şərait yaradırdı,” o qeyd edib.

Nazirin sözlərtinə görə, 2018-ci ilin yekunu üzrə yalnız iri topdansatış müəssisələrində 930 milyon manat, şəbəkə sistemli marketlər - 122 milyon manat, özəl tibb müəssisələrində isə 230 milyon manatdan artıq dövriyyələrin gizlədilməsi faktları aşkarlanıb.

XS
SM
MD
LG