Accessibility links

Prezidentin qol saatı


“Azadlıq” qəzeti Azərbaycan prezidentinin 800 min dollarlıq saat taxdığını yazır. Prezidentin mətbuat xidməti isə Əliyevin adi metaldan hazırlanmış, sadə və bahalı olmayan saat bağladığını bildirir.

Azərbaycan prezidentinin mətbuat xidməti “Azadlıq” qəzetində dərc olunan “İlham Əliyev 800 min dollarlıq saat taxır” başlıqlı yazıdakı məlumatları təkzib edib.

Qəzet yazır ki, aprelin 16-da Nazirlər Kabinetinin bu ilin birinci rübünün yekunlarına həsr olunmuş kollegiya iclasına prezident Əliyev qolunda 800 min dollarlıq saatla qatılıb. Hər halda, sosial şəbəkələrdə yayılan və geniş müzakirə mövzusuna çevrilən məlumatlardan belə görünür. Bloger Vəfa Cəfərova araşdırıb ki, «Blancpain qol saatı 1735, Grande Complication» markalı qol saatının qiyməti nə az, nə çox, düz 800 min dollardır. Bu qol saatının yığılması 10 ay vaxt tələb edir. Platindən korpusu olan saatdan dünyada cəmi 30 ədəd mövcuddur.
Prezidentin mətbuat xidmətinin məlumatında isə deyilir ki, uzun müddətdir “Azadlıq” qəzeti ardıcıl şəkildə Azərbaycan prezidenti İlham Əliyev haqqında həqiqəti əks etdirməyən, çox hallarda təhqiramiz və təxribat xarakterli məlumatlar yayır. “Həmin qərəzli fəaliyyətin davamı olaraq qəzetin 2012-ci il 24 aprel nömrəsində cənab İlham Əliyevin guya qiyməti 800 min dollar olan qol saatından istifadə etməsi barədə heç bir əsası olmayan, yalan məlumat dərc edilib.

Məsələ ilə əlaqədar bildiririk ki, prezident İlham Əliyev qəzetin təsvirinə qətiyyən uyğun gəlməyən, adi metaldan hazırlanmış, sadə və bahalı olmayan saat bağlayır. Cənab prezident təbiətcə təvazökar olduğuna görə, həyatda və davranışında hər zaman sadəliyə üstünlük verir.

“Azadlıq” qəzeti yalan məlumatın dərc olunduğu zamandan etibarən 3 gün ərzində təkzib verməklə üzr istəməzsə, məsələnin hüquqi müstəvidə həlli ilə bağlı məhkəməyə müraciət ediləcək”, - deyə mətbuat xidmətinin məlumatında deyilir.

“Azadlıq” qəzeti prezidentin mətbuat xidmətinin məlumatına dərhal reaksiya verib. Qəzet bildirir ki, qərəz və qəsdən yalan məlumat yaymaq iş prinsipi deyil. “Redaksiya məlumat və məqalələrdəki təsadüfü yanlışlıqlara görə üzrxahlıq etməkdən də çəkinmir, bunu özünə ayıb bilmir”.

“Azadlıq” yazır ki, prezidentin mətbuat xidmətinin təkzib etdiyi məlumatın mənbəyi redaksiya deyil. Məlumat bloqdan götürülüb. “Əgər prezidentin mətbuat xidmətinin ifadə etdiyi kimi, doğrudan da ölkə başçısı bu qiymətdə saatdan istifadə etmirsə, onda yayılan məlumata görə təəssüfümüzü bildiririk. Eyni zamanda hesab edirik ki, mətbuat xidməti ictimai maraq doğuran bu məlumata onun elektron informasiya mənbələrində yayıldığı ilk vaxtda, operativ reaksiya bildirsəydi, belə bir anlaşılmazlıq da yaranmazdı.
Bir daha bildiririk ki, bu məlumatın dərcində “Azadlıq” qəzeti heç bir qərəz güdməyib, yalnız onun maraqlılıq dərəcəsini nəzərə alıb. Təəssüf ki, məlumat çapa hazırlanarkən prezidentin mətbuat xidməti ilə əlaqə saxlamaq mümkün olmayıb”.
”Azadlıq” qəzeti ümid edir ki, gələcəkdə prezidentin mətbuat xidməti ilə sağlam işgüzar münasibətlər yaratmaq mümkün olacaq və belə anlaşılmazlıqlar təkrarlanmayacaq.

XS
SM
MD
LG